“Yaşıl Marafon”: Növbəti ağacəkmə aksiyaları keçirildi

   “Yaşıl Marafon”:    Növbəti ağacəkmə aksiyaları keçirildi
  18 Aprel 2021    Oxunub:2729
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib.
Birlikdən Azvision.az -a verilən məlumata görə, aprelin 17-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Xocasən qəsəbəsində növbəti dəfə 1000 ədəd ərazinin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.

Tərəfdaş təşkilatların könüllüləri və yerli gənclərlə yanaşı aksiyaya Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, BİR tələbə-könüllüləri və ASAN könüllüləri də aksiyaya qoşularaq ağac əkintisində iştirak edib.

“Yaşıl marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Azvision.az


Teqlər: Ağacəkmə   Aksiya   Yaşıl-Marafon  





Xəbər lenti