Əmlak bazarındakı vəziyyət: Tələb azalıb, qiymətlər artıb

  Əmlak bazarındakı vəziyyət:  Tələb azalıb, qiymətlər artıb
  19 Aprel 2021    Oxunub:2463
Koronavirus pandemiyası səbəbindən daşınmaz əmlak bazarında tələb azalıb. Tələbin azalması ilə əmlak bazarında aktivlik 10,76 faiz aşağı düşüb.
Bunu Azvision.az -a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, son günlər qiymətlərdə 10,34 faiz artım qeydə alınıb.

“Artım həm mənzil bazarı, həm də fərdi yaşayış evlərinə olub. Təkrar mənzil bazarında 1 faizə yaxın artım var. İlkin mənzil bazarında isə artım 7 faizin üzərindədir. Fərdi yaşayış evlərində qiymət artımı daha çoxdur. Fərdi yaşayış və bağ evlərində qiymət artımı 19,3 faiz olub. Kommersiya obyektləri bazarında 7 faiz, torpaq bazarında 6 faiz qiymət artımı müşahidə edilir. Mənzillərin kirayəsində 6,6 faiz, obyektlərin kirayəsində 7,61 faiz azalma qeydə alınıb. Bağ evlərinin və fərdi yaşayış evlərinin kirayəsində isə 7,87 faiz artım olub”.

N.İbrahimov bildirib ki, tələbin azalması fonunda qiymətlərin artması iki faktorla bağlıdır:

“Birincisi, bu, son ildə təklifin həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədardır. İkinci faktor tikintidə maya dəyərinin artması ilə bağlıdır. Həm tikinti materiallarında, həm daş məmulatlarında 7,84 faiz, dəmir məmulatlarında 9,9 faiz, taxtada 15,63 faiz, dam örtüklərində 11 faiz, sementdə 10 faiz artım var. Bundan əlavə, əmək qüvvəsində də qiymət artımı var. Bütün bunlar tikintinin maya dəyərini artırır və ilkin bazarda qiymət artımı qaçılmaz olur. Bu isə digər seqmentləri çəkir və təkrar əmlak bazarında qiymət artımına səbəb olur”.

Ekspert bildirib ki, Qarabağa məcburi köçkünlərin qayıdışından sonra daşınmaz əmlak bazarında qiymətlərdə dəyişikliyin olacağı gözlənilmir.

“Çünki onlar bu gün qayıtmırlar. Qayıdış bir neçə il çəkəcək. Ən tez halda 3 ildən sonra, bəlkə hissə-hissə qayıdarlar. Qarabağın bərpası 2-3 ilin işi deyil. Keçmiş məcburi köçkünlər hissə-hissə qaydacaqları üçün bazara elə də yük düşməyəcək və təsiri hiss olunmayacaq”.

N.İbrahimov əlavə edib ki, cari ildə, eləcə də gələn il inflyasiya və təklifin azalması faktoru əmlak bazarında qiymət artımına təsir edəcək.

“Tikintidə azalma varsa və tikinti getmirsə, qiymət artımı olacaq. Bu gün insanların əlində elə də nağd pul yoxdur. Tələbi əsasən İpoteka Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, dövlət qurumları və banklar formalaşdırır. İnsanların alıcılıq qabiliyyəti onların ayırdıqları vəsait hesabına formalaşır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Daşınmaz-əmlak  





Xəbər lenti