Bu gün 9 minə yaxın şagird imtahan verib - YENİLƏNİB

  22 Aprel 2021    Oxunub : 4553
Bu gün 9 minə yaxın şagird imtahan verib -  YENİLƏNİB
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
DİM-dən Azvision.az-a verilən məlumata görə, iİmtahanlar 10 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 41 imtahan binası, 696 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 41 ümumi imtahan rəhbəri, 115 imtahan rəhbəri, 836 nəzarətçi–müəllim, 82 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 41 bina nümayəndəsi ayrılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 imtahan nəzarətçisi isə imtahan iştirakçısına kömək etməyə cəhd göstərdiyi üçün imtahan rəhbəri tərəfindən imtahandan xaric olunub. Baş vermiş qayda pozuntusu ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbir görüləcək.

"İmtahan iştirakçılarının diqqətli olması və tələb olunan qaydalara riayət etməsi üçün digər bir məsələni də qeyd etmək istərdik. Təəssüf ki, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib. Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır və qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunur.

Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq", - məlumatda bildirilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***08:45***

Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən Azvision.az -a bildirilib ki, aprelin 22-də keçiriləcək imtahanlarda 8790 şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, şagirdlər imtahana buraxılış vərəqəsini DİM-in saytından aprelin 12-dən etibarən çap edib götürə bilirlər.

Azvision.az

Teqlər: İmtahan   DİM