“Birgə yaşamaq alınmırsa, boşanma faciə deyil” - Komitə sədrinin müavini

  22 Aprel 2021    Oxunub : 1713
 “Birgə yaşamaq alınmırsa, boşanma faciə deyil” -  Komitə sədrinin müavini
2021-ci ilin əvvəlindən bu günə qədər məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 67 vətəndaş ərizə verib. Eyni zamanda 6 xidməti sənədlə müxtəlif qurumlardan məişət zorakılığı ilə müraciət daxil olub.
Bu barədə Azvision.az -a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, ötən il məişət zorakılığı ilə bağlı 2 uzunmüddətli və 38 qısa müddətli mühafizə orderi verilib.

“Ümumiyyətlə, məişət zorakılığı ilə bağlı komitəyə kifayət qədər müraciət daxil olur. Bütün faktlar Məişət Zorakılığı Bankına daxil edilir. Bizə daxil olan müraciətləri hansısa rayona araşdırmağa göndərəndə mütləq aşağıda qeyd edirik ki, araşdırmaqla yanaşı, faktı banka daxil edin. Hər ilin sonunda biz icra hakimiyyətlərinə nə qədər məişət zorakılığı faktının qeydə alınması ilə bağlı sorğu göndəririk. Təəssüflər olsun ki, bəzən “bizdə məişət zorakılığı faktı qeydə alınmayıb” cavabı alırıq”.

Komitə sədrinin müavini qeyd edib ki, ailələrin boşanma proseduru çox vaxt "vətəndaş müharibəsinə" çevrilir.

“Normal boşanmanın özünü təmin etməliyik. İnsanlar başa düşməlidir ki, birgə yaşamaq mümkün deyilsə, boşanma faciə deyil. Uşaqları heç kimin ana və atadan məhrum etmək hüququ yoxdur. Valideynlər ata-ana olaraq qalır və dost münasibətləri davam etməlidir. Münasibətlər kəskinləşib, düşmənçiliyə çevrilməməlidir. Bunun üstündə çox zaman ata acığından aliment vermir, ana da acığından uşaqları ataya göstərmir. Bu zaman uşaq psixoloji travma alır, ata və ana arasında qalır. Təəssüflər olsun ki, bizim ağbirçək və ağsaqqal saydığımız nənə və babalar müsbət rol oynamır, öz aqresiyaların ortaya qoyur”.

Qeyd: Müsahibənin ardını gün ərzində saytımızda izləyə bilərsiniz.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ailə   Məişət-zorakılığı