Qadağalar intihar hallarının artmasına səbəb olur - Rəsmi açıqlama

  22 Aprel 2021    Oxunub : 1295
Qadağalar intihar hallarının artmasına səbəb olur -  Rəsmi açıqlama
Valideynlər tərəfindən uşaqlara həddindən artıq qadağalar qoyulur. Bu qadağalar, qorxu hissi istər oğlan, istərsə də qız uşaqlarının intihar hallarının artması ilə müşahidə edilir.
Bunu Azvision.az -a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, intihar hallarının baş verməsi mənəvi-psixoloji qadağalardan yaranır.

“Valideyn elə bilir ki, onun övladı namuslu, qeyrətli, kristaldır. Nəticədə yeniyetmə kimisə sevirsə və ya başına hansısa hadisə gəlirsə, onu ailəsinə deyə bilmir. Qadağalar qoyulur, uşaq fikirlərini bölüşə bilmir, dinlənilmir və sonda gənclər həddi-buluğa çatan dövrdə belə hadisə baş verir. Bu dövr oğlan uşaqlarında daha kəskin olur.

Valideyn uşağı nə vurur, nə döyür, sadəcə müəyyən qadağalar qoyur, gərgin psixoloji vəziyyətdə böyüdür, müəyyən qorxu içərisində yaşadır. Təsəvvür edin ki, uşaq ali məktəbə girmədiyi üçün intihar edir, çünki evdə irad tutulması, danlanılmasından qorxur. Bu mənada valideynlər çox həssas olmalıdır. Burada ailə psixoloqlarının təcrübəsini inkişaf etdirmək məqsədəuyğun olardı”.

S.Qəhrəmanova bildirib ki, intihar və məişət zorakılığı faktları həddindən artıq mətbuatda işıqlandırılmamalıdır.

“Media nümayəndələri hansısa dövlət qurumundan hadisənin baş verməsini soruşmamalıdır. Nənədən-babadan soruşmalıdır ki, “hara baxırsan, niyə bu hadisə baş verir?” Bu suallar onlara verilməlidir. Mətbuat bu faktı sağdan-soldan işıqlandırmaqla nə demək istəyir? Müəyyən qurumlar hadisəni bilir və onunla məşğul olur. Bu o situasiyada olan ailələr üçün bir siqnaldır. Yeni intiharın törədilməsinə bir işarədir. Mətbuat bu məsələdə həssas olmalıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İntihar   Məişət-zorakılığı