Dilənçilik edən 370 uşaq aşkarlanıb

 Dilənçilik edən 370 uşaq aşkarlanıb
  23 Aprel 2021    Oxunub:2573
Azərbaycanda 1568 şəxs azyaşlılara tütün məmulatları satdığına görə inzibati məsuliyyətə cəlb edilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.

General bildirib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb.

"Aparılan yoxlamalar həmin uşaqların əməyin qurbanı olmadığını, lakin demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraçı ailələrindən olduqlarını göstərib. Araşdırmalarla məlum olub ki, onların valideynlərinin bələdiyyə və pay torpaqlarının olmasına, dövlətdən ünvanlı sosial yardımlar almalarına baxmayaraq müxtəlif bəhanələrlə dövlət və özəl sektorda, eləcə də kənd təsərrüfatında işləməkdən boyun qaçırır, özlərinə peşə seçdikləri və azyaşlı uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb", - deyə Seyfulla Əzimov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Dilənçilik   Uşaq  





Xəbər lenti