“YAŞAT” Fondu bizə xüsusi qayğı göstərir - Türkiyədə əməliyyat olunan qazi

“YAŞAT” Fondu bizə xüsusi qayğı göstərir -  Türkiyədə əməliyyat olunan qazi
  23 Aprel 2021    Oxunub:3767
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq Vətən Müharibəsi qazisi olan igidlərimizdən biri leytenant Kamil Hüseynovdur. O, Tərtərin Çaylı və Suqovuşan kəndləri istiqamətində döyüşərək qolundan yaralanıb. Qazi "YAŞAT" fondunun dəstəyi ilə Bakıda və Türkiyədə əməliyyat olunub.
Hazırda müalicələrə davam etdiyini deyən K.Hüseynov Azvision.az-a açıqlamasında "YAŞAT" fondunun fəaliyyətindən razılığını ifadə edib.

“1994-cü ildə Ağstafa rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunuyam. 2015-ci ildən MAXE kimi xidmət göstərmişəm. Ali təhsilli olduğuma görə 2019-cu ildə silahlı qüvvələrin təlim-tədris mərkəzində motoatıcı ixtisası üzrə kursu bitirmişəm. Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yararkən sağ qolumun boşluq hissəsindən güllə yarası almışam. Qolumda damarlar qırılıb, sümüklərim zədələnib. İlk dəfə Bakıda əməliyyat olundum və uğurla yerinə yetirildi. Ayağımdan siniri kəsib onu sağ qoluma transfer etdilər.



Daha sonra müalicənin Türkiyədə davam etdirilməsi üçün "YAŞAT" fonduna müraciət etdim. Onlar operativ şəkildə reaksiya verdilər və həkimlərin yekun rəyini istədilər. Bundan sonra tez bir zmanada "ASAN xidmət" vasitəsilə pasportlarımızı düzəltdilər və Türkiyəyə müalicə üçün göndərildim. Orada ən yaxşı xəstəxanada müalicə aldım və əməliyyatım uğurla həyata keçirildi, reablitasiya mərkəzinə yönləndirildim. Ancaq onların işləri bununla bitmədi, hər gün həkimlərlə və mənimlə əlaqə saxlayıb "nəsə lazımdırmı",- deyə maraqlandılar. Fond bizə xüsusi qayğı göstərir.



Doğrudur, sağlamlığım tam bərpa olunmayıb. Ancaq əvvəlkinə baxanda çox irəliləyiş var. Dirsəkdən aşağı qolumda, 5 barmağımda hərəkət yox idi, biləyim sallanmış vəziyyətdə qalırdı. Əməliyyatdan sonra barmaqların hərəkəti düzəldi, sıxma qabiliyyəti artdı, baş barmağımda isə hələ də problem davam edir. Qolumda dirsəkdən aşağı nahiyyədə nazikləşmə var idi. Sinirlər qırıldığına görə əzələni qidalandırmırdı. Reablitasiya prosesləri, müalicələrim yüksək səviyyədə təşkil olundu. İnsanın özündən çox onun qayğısına qalan ikinci bir adam ola bilməz. Amma "YAŞAT" fondu məndən çox həkimlərlə əlaqə saxladı, mənə xüsusi diqqət göstərdi. Bunları sözlə demək mümkün deyil. Kaş ki, bütün dövlət orqanları "YAŞAT" fondu kimi dəqiq, operativ və düzgün işləsinlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti