“Baydenin bəyanatı tarixin təhrif olunmasıdır” - Deputat

 “Baydenin bəyanatı tarixin təhrif olunmasıdır” -  Deputat
  25 Aprel 2021    Oxunub:4349
“ABŞ prezidentinin "soyqırımı" ifadəsini işlətməsi tarixin təhrif olunması , həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, əslində 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlar qarşı soyqırımı törədiblər. 1918-ci ildə isə azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər:

“1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər. Əgər Co Bayden "soyqırımı" ifadəsi işlətmək istəyirsə, birinci ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin. Məsələnin kökünə gəldikdə isə, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. İkincisi isə Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var. (Doğu Perincək məsələsində-red) Üçüncüsü, “soyqırımı silahı” istifadəsi birdəfəlik olan silah idi, sadəcə ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur. Dördüncü məqam 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalarına əsla uyğun deyil. Beşincisi, Bayden “soyqırımı silahı”nı ermənilərin də əlindən aldı.

Nəhayət, altıncısı- ən təhlükəli fikir Baydenin “biz bunu (genosidi qəbul etməyi-red.) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir. Bu fikrin sətiraltı məzmunu,Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərini tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden  





Xəbər lenti