“Türkiyəyə təzyiq cəhdləri heç bir nəticə verməyəcək” - Deputat

  25 Aprel 2021    Oxunub : 2910
 “Türkiyəyə təzyiq cəhdləri heç bir nəticə verməyəcək” -  Deputat
Qondarma "erməni soyqırımı" siyasəti üzərindən təzyiq cəhdləri heç bir nəticə verməyəcək. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciətdə “soyqırım” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Hazırda Ermənistanda hökm sürən siyasi xaos fonunda, 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələrin olduğunu söyləyən deputat qeyd edib ki, bu qüvvələrin müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyəti var:

"İstənilən halda unutmamalıyıq ki, qondarma "erməni soyqırımı"nın heç bir tarixi əsası yoxdur. Bu söz əsl mənasında qondarma bir soyqırımıdır. Əgər tarixə nəzər salsaq görərik ki, əslində ermənilərin var olması və ermənilərin bir millət kimi formalaşmasında birbaşa olaraq Osmanlı dövlətinin çox böyük rolu olub. Ancaq təəssüflər olsun ki, ermənilər Osmanlı dövlətinə qarşı da xainlik edərək və yaratdıqları erməni terror təşkilatının vasitəsi ilə Osmanlının parçalanması, dağılması üçün digər xarici qüvvələrlə əməkdaşlığa girərək orada terror fəaliyyətləri həyata keçirdilər. Bu baxımdan 1915-ci ildə baş verən hadisələrdə, ermənilərə qarşı heç bir soyqırım siyasəti həyata keçirilməmiş, əksinə Osmanlı dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün, erməni terror təşkilatının tabeçiliyində fəaliyyət, erməni terror təşkilatları ilə əməkdaşlıq edən həmin ermənilərin yaşadıqları ərazidən Osmanlının başqa bir ərazisinə köçürülməsini təmin edib.

Burada, həmçinin Osmanlı dövləti məhz həmin ermənilərin təhlükəsizliyini təmin etmək niyyətini də ortaya qoyub. Bu baxımdan yalançı, qondarma "erməni soyqırımı"nın heç bir tarixi əsasları yoxdur. Əksinə biz 20-ci əsrin sonlarında törədilən Xocalı faciəsini misal göstərə bilərik ki, ermənilərin əsl iç üzlərini, qatil simalarını açıb ortaya qoymaqda, bu fakt bizə kömək edir. Bu isə onu göstərir ki, Ermənistan terrordan qaynaqlanan, terrordan qidalanan və terror təşkilatları əsasında qurulub yaradılan bir dövlətdir. Unutmamalıyıq ki, məhz bu dövlət Azərbaycanın əzəli tarixi torpaqlarında yaradılıb. Bu baxımdan düşünürəm ki, ermənipərəst qüvvələr və erməniləri dəstəkləyən beynəlxalq təşkilatlar fürsəti "düzgün" dəyərləndirməklə Türkiyəyə və Azərbaycana qarşı təzyiq cəhdlərini ortaya qoysalar da, onlar heç nə əldə etməyəcəklər. Çünki həqiqət və reallıq, gerçəklik ortadadır".

Azvision.az

Teqlər: Deputat   Bayden   Soyqırım