Regionda fitnə yaradan Bayden istəyinə nail olacaqmı? - ŞƏRH

Regionda fitnə yaradan Bayden istəyinə nail olacaqmı? -  ŞƏRH
  26 Aprel 2021    Oxunub:6918
ABŞ prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı ərazisində baş vermiş hadisələr haqqında danışarkən "soyqırımı" ifadəsini işlətməsi Türkiyədə hiddətlə qarşılandı.
Ankarada Vaşinqtonun qondarma “erməni soyqırımı” məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi qəti şəkildə pislənildi. Təəssüf ki, qardaş ölkənin milli maraqları əsasında müstəqil siyasət yürütməsini həzm edə bilməyənlər aprelin 24-də bu uğursuz təzyiq cəhdini ortaya qoydular.

Mütəxəssislər ilk dəfə olaraq ABŞ prezidentinin qondarma soyqırımını dilə gətirməsini yalnız Ankara üçün arzuolunmaz hal saymırlar. Bu, şübhəsiz ki, bölgədə Amerikanın milli maraqlarına da zərbə vuracaq. Bundan başqa, Baydenin erməni lobbisinin qurduğu ssenariyə uyğun hərəkət etməsi, tarixi yalandan söz açması ümumilikdə regionun dirçəlməsinə də əngəl törədə bilər. Çünki hazırda bölgədə nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrin reallaşdırılması istiqamətində aktiv işlər görülür. Hətta yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədi açıla bilərdi ki, okeanın o tayından gələn düşmənçilik fitnəsi aranı qarışdırdı.



Məsələni Azvision.az –a şərh edən politoloq İlqar Vəlizadə deyir ki, ABŞ prezidenti tarixi yalana dəstək olaraq məlum bəyanatı verməklə Ermənistanı da daha pis vəziyyətə qoymuş oldu:

“Bayden “soyqırımı” ifadəsini işlətməklə öncə öz ölkəsinin maraqlarına zərbə vurdu. Çünki ABŞ-ın Türkiyə ilə yanaşı Azərbaycanla bağlı maraqları mövcuddur. Bu bəyanat yalnız iki ölkənin -Türkiyə ilə Azərbaycanın rəhbərliyinin ciddi narazılığına səbəb olmadı. “Soyqırımı” ifadəsi qardaş ölkələrin ictimaiyyətinin, insanların qəzəbinə səbəb oldu. Çünki bu məsələ Azərbaycan və Türkiyə cəmiyyəti üçün çox həssas mövzudur. Aprelin 24-də Bayden arzuolunmaz, əsassız ifadələr işlətməklə cəmiyyətlərimizə qarşı gəldi, ictimaiyyəti təhqir etdi”.

Politoloq xatırlatma edib ki, 20-ci əsrin əvvəllərində erməni terror və vəhşiliklərindən həm türklər, həm də azərbaycanlılar əziyyət çəkiblər. Yəni bu iki xalqın zaman-zaman erməni işğalı və terrorundan ciddi şəkildə başı ağrıyıb:

“Azərbaycanlılar nəinki 20-ci əsrin əvvəllərində, indinin özündə belə erməni işğalı və terrorundan zərər çəkən xalq kimi önə çıxır. Bütün bu reallıqlara göz yummaq, yalnız erməniləri bölgədə “zərər çəkən”, “qurban” kimi görmək yaramazlıq və ayrıseçkilikdən başqa bir şey deyildi. Digər tərəfdən, Baydenin bu mesajı ondan xəbər verdi ki, ABŞ regionda Ermənistanın aşkar şəkildə tərəfini tutur. Belə olan halda, təəssüflər olsun ki, İrəvanda aktivləşən revanşist qüvvələrə də aşkar mesaj ötürüldü. Yəni, "qorxmayın, mən sizin yanınızdayam" deyildi. Çünki həmin revanşist qüvvələr təkcə bizimlə bağlı qisasçılıq planları qurmurlar. Onlar Türkiyəyə qarşı da revanş planlayırlar. Hətta ermənilər belə böyük ölkənin ərazisinə açıq ərazi iddiaları ilə çıxışlar edirlər. Bəyanat həm də bu gün Türkiyənin Şərqi Anadolu bölgəsini erməni ərazisi sayanlara bəraət qazandırmaq idi. Bütün bunlar onu göstərir ki, bu cür bəyanatlar real siyasətə çox ciddi təsir edir. “Soyqırımı” təkcə “tarix”lə bağlı bəyanatın tərkib hissəsi olmadı, eyni zamanda gündəmdə olan proseslərə mənfi yöndən təsir göstərən fikir oldu”.

İlqar Vəlizadənin sözlərinə görə, əgər bu bəyanatdan sonra revanşist qüvvələr daha çox fəallaşarlarsa, o zaman belə situasiya bölgədə həyata keçirilməsi planlaşdırılan bir sıra böyük layihələrə mənfi təsir edəcək. Münasibətlərin bərpası ikinci plana atıla bilər:

“Belə bir düşmənçilik ruhunun alovlandırılması şəraitində Ermənistan-Türkiyə əlaqələrinin bərpasından söhbət gedə bilməz. Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması, əməkdaşlığın yaranması məsələləri də sual altında qalır. Vaxtilə ABŞ bölgədə səylər göstərirdi ki, Türkiyə Ermənistanla sərhədləri açsın, yeni dönəm başlasın. Amerikanın böyük maraqları bununla da təmin ediləcəkdi. İndi Baydenin arzuolunmaz bəyanatından sonra həmin planlar alt-üst olur. Əslində heç amerikalıların həmin dövrdə ortaya qoyduğu sərhəd planları real görünmürdü. Çünki ermənilər əməkdaşlığın üzərindən xətt çəkmişdilər. İndi isə, Vaşinqton bu planların üzərini qaraladı. Belə olan halda, Ağ Evin regionda nüfuzu xeyli azalacaq. Onun yerini digər supergüclər tuta bilər. Zənnimcə, Amerikanın siyasi rəqibləri Rusiya və Çin ABŞ-ın yaratdığı boşluqdan məharətlə yararlanacaqlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   Bayden   Türkiyə   Soyqırımı   Revanşist  





Xəbər lenti