Bayden ölkəsinin qaranlıq keçmişi: ABŞ-ın törətdiyi soyqırım və qətliamlar - TARİXİ FAKTLAR

 Bayden ölkəsinin qaranlıq keçmişi:  ABŞ-ın törətdiyi soyqırım və qətliamlar -  TARİXİ FAKTLAR
  26 Aprel 2021    Oxunub:14812
ABŞ Prezidenti Co Bayden 24 aprel tarixində saxta “erməni soyqırımı”nın növbəti ildönümü ilə əlaqədar çıxışında “soyqırım” ifadəsini işlətməklə tarixi səhvə yol vermiş oldu. Erməni diasporasının və lobbisinin təsiri altında belə qərəzli ifadənin səsləndirilməsi ilə Birləşmiş Ştatlar öz tərəfdaşlarından biri olan Türkiyə ilə münasibətləri zərbə altında qoydu.
Azvision.az xəbər verir ki, 106 il əvvəl baş vermiş hadisəni heç bir tarixi sübut və fakt olmadan “soyqırım” elan etmək Türkiyə ilə yanaşı, ABŞ-ın da maraqlarına ziddir. Eyni zamanda, əgər Bayden tarixi hadisələrə qiymət verməkdə bu qədər maraqlıdırsa, o zaman ABŞ-ın törətdiyi soyqırımlar və qırğınlara da qiymət verməyin vaxtı çatıb.

Tarix heç nəyi unutmur və qondarma “soyqırım” yaratmağa da ehtiyac yoxdur. ABŞ-ın Vyetnam, Koreya, Laos, Kamboca, İraq, Əfqanıstan, Yaponiyanın Xirosima, Naqasaki şəhərlərində və digər yerlərdə törətdiyi kütləvi qətllərə, soyqırımlara nəzər salanda, qondarma deyil, real qırğınlara bir daha şahidlik etmiş oluruq.

Təkcə ABŞ-ın Vyetnamla müharibəsinin 4 milyona yaxın qurbanı var. 30 aprel 1975-ci ildə Vyetnam müharibəsi sona çatıb. Şimali Vyetnam Cənubi Vyetnamdakı rəqiblərinə deyil, həm də bu müharibəyə qarışan ABŞ üzərində parlaq qələbə qazandı.



Vyetnam qətliamı

İkinci Dünya müharibəsindən sonra Vyetnamın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik edən Ho Şi Min sevinclə elan etdi: “Fransızlar qaçdı, yaponlar təslim oldu, imperator taxtdan qovuldu. Və 2 sentyabr 1945-ci ildə Vyetnam Demokratik Respublikası elan edildi”.

Ancaq fransızlar koloniyalarının itirilməsini qəbul etmədilər. Onlar yenidən ölkəni fəth etməyə çalışdılar. Bu, onlara 40 min əsgər və zabitin həyatına başa gəldi. Yalnız 1954-cü ilin yayında Cenevrədə hərbi əməliyyatların dayandırılması barədə müqavilə imzalandı. Lakin Vyetnam kommunistləri ölkənin yarısının itirilməsini qəbul etmədi. Və həmin il müasir tarixdə ən böyük miqyaslı partizan müharibəsinə başladılar.

Müharibə iki fövqəldövlət - ABŞ və SSRİ arasında daha da şiddətləndi. Vyetnam müharibəsində yarıdan çoxu ölkənin dinc əhalisi olmaqla, 4 milyona yaxın insan həlak oldu. Uzun müddət davam edən münaqişə ölkə əhalisinin böyük əksəriyyətinə zərər yetirdi. Müharibə zamanı 3 milyon insan yaralandı, 2 milyon məcburi köçkün düşdü, 4 milyona yaxın şəxs həlak oldu. ABŞ bu müharibədə qadağan edilmiş bombalardan-napalmdan geninə-boluna istifadə etdi, hansı ki, Vyetnam hələ də onun mənfi fəsadlarını görməkdədir.

Müharibə ölkənin infrastruktur və iqtisadiyyatına böyük zərbə vurdu. Qonşu Çin və Kamboca ilə münaqişələr də daxil olmaqla, növbəti 15 il ərzində zaman-zaman qarşıdurmalar baş versə də, Vyetnam 1976-cı ildə Vyetnam Sosialist Respublikası adı altında birləşdirildi. Vyetnam və ABŞ arasında ticarət və diplomatik münasibətlər 1990-cı ildə bərpa edildi.



Koreya müharibəsi

ABŞ-ın Koreya müharibəsində iştirakı çox sayda insanların ölümü ilə nəticələndi. Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə ABŞ-ın müdaxiləsi ilə daha ağır nəticələrə, daha çox insan itkisinə səbəb oldu. ABŞ Cənubi Koreyaya hərbi yardım göstərmək məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırdı və SSRİ-nin iştirakı olmadan qərar qəbul olundu. Həmin gün ABŞ rəhbərliyi Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamağa göstəriş verdi.

Danışıqların aparılmasına baxmayaraq, hərbi əməliyyatlar davam edirdi. Havada genişmiqyaslı müharibə gedirdi və burada əsas rolu ABŞ Hərbi Hava Qüvvələri oynayırdı. 27 iyul 1953-cü ildə Pxanmuncomda atəşkəs razılaşması imzalandı. Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər həlak oldu, ya da yaralandı. Ölkənin iqtisadiyyatına güclü zərər dəydi.

Müharibə zamanı itkilərin təxminən hər iki tərəfdən 3 milyona yaxın olduğu məlumdur. ABŞ-dan ölən və yaralananların sayı 140 min nəfər, müttəfiqlərin itkilərinin isə 15 min nəfər olduğu təxmin edilir. Çinin itkilərinin 400 minə yaxın olduğu bildirilir. Beləliklə, ABŞ-ın müdaxiləsi və öz müttəfiqlərini cəlb etməsi təkcə Koreyadan 3 milyon insanın qətlinə səbəb oldu. Üstəlik, havadan bombardman nəticəsində çoxsayda mülki insanlar öldürüldü. Necə ki, biz bunu İraqda da, Liviyada gördük. ABŞ üçün mülki insanların qətli heç bir önəm kəsb etmir.



Laos və Kamboca

ABŞ həm Laos və Kambocada vətəndaş müharibələrinə müdaxilə edib, eyni zamanda, Vyetnam müharibəsindən hər iki ölkə ciddi ziyan çəkib. Ümumiyyətlə, Laos Vyetnam müharibəsində ən çox bombardman edilən ölkə olub. Bombaların təxminən 30%-i partlamamış vəziyyətdə idi. Birləşmiş Millətlər Təşkilatı (BMT) Davamlı İnkişaf Məqsədləri ilə 2030 gündəmini təyin edərkən, Laos üçün əlavə bir hədəf də daxil etdi - ölkəni təhlükəli partlamamış əşyalardan qurtarmaq.

1970-ci ildə ABŞ-ın dəstəyi ilə Cənubi Vyetnam Vyetnam Demokratik Respublikasının ehtiyat bazalarını məhv etmək üçün Kambocanı işğal etdi. Daha sonra cənubi vyetnamlılar Laosu işğal etsələr də, Şimali Vyetnam qüvvələri onları məğlubiyyətə uğratdılar. O zaman Laos ərazisinə təxminən 3 milyon ton bomba atıldı.

1969-cu ilin mart ayında Amerika aviasiyası gizli şəkildə Şimali Vyetnam ordusunun şərqi Kambocadakı bazasını bombardman etdi. 1970-ci ildə ABŞ və Cənubi Vyetnamın silahlı qüvvələri Kambocaya müdaxilə etməyə başladılar. Amerika ordusunun hava qüvvələri Kambocanın təbiətinə ciddi ziyan vurdu. Döyüşlər 2 milyondan çox insanı qaçqın vəziyyətinə gətirdi və ölkə iqtisadiyyatına çox böyük ziyan vurdu, sənaye obyektlərinin 80% -i, yolların 40% -i, körpülərin 30% -i dağıldı. 17 aprel 1975-ci ildə Kambocadakı vətəndaş müharibəsi başa çatdı.


Hiroşima və Naqasaki fəlakəti

ABŞ-ın dünyada törətdiyi fəlakətli hadisələrdən biri də Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atmasıdır. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdi. Atom bombası böyük partlayışlara və on minlərlə insanın ölümünə səbəb oldu.

1945-ci il 6 avqust tarixində Yaponiyanın Hiroşima şəhərinə, 9 avqust 1945-ci il tarixində isə Naqasaki şəhərinə atom bombası atıldı. İki şəhərdə 350 minə yaxın insan öldü. Yaponiyaya ABŞ-ın atom bombaları şoku ölkənin baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etdi.

15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirdi.



İraqdakı amansız cinayətlər

Müasir tarixdə şahidlik etdiyimiz ABŞ-ın qanlı cinayətlərindən biri də İraqda baş verdi. Ölkədə atom silahının olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini bəhanə edən ABŞ və onun tərəfdarları 2003-cü ildə İraqa hücum etdi. ABŞ İraqda müharibəyə 300 min əsgər cəlb etmişdi. Böyük Britaniya hökuməti isə 47 min əsgərlə müharibəyə qoşulmuşdu.

Wikileaks-da dərc olunan məlumatlara əsasən, ABŞ 2386 ədəd yaxın məsafəli kimyəvi silah, beynəlxalq hüquq normalarına görə qadağan olunmuş ağ fosfor, zəhərli qaz bombaları, sinir sisteminə təsir edən, paralic yaradan zarin maddəsindən və bir çox digər kimyəvi silahlardan istifadə edib.

Amerika Quru Qoşunları artilleriya xidmətinin başçısı, polkovnik Ceyms Nouton çıxışında qeyd etmişdi ki, İraqla mübarizədə az zənginləşdirilmiş urandan istifadə olunacaq. Bu tip bəyanatla müharibə öncəsi Pentaqon rəsmiləri də çıxışlar etmişdilər. ABŞ 2003-cü il 14 dekabrda İraq lideri Səddam Hüseynin ələ keçirildiyini dünyaya elan etdi. 2011-ci ilin avqustun 31-də ABŞ-ın o zamankı prezidenti Barak Obama Ağ Evdəki çıxışında İraqda hərbi əməliyyatların sona çatdığını elan etdi. Təkcə 2003–2007-ci illərdə İraqda 1,2 milyondan çox insan öldürüldü. Ailə üzvlərindən ən azı birini itirən iraqlının sayı 8-12 milyon nəfər təşkil edir.



ABŞ Əfqanıstana da fəlakət gətirib. Bu ölkənin ağır duruma düşməsinin səbəbkarlarından biri məhz Amerika olub. Müxtəlif statistikalara əsasən, 10 illik hərbi əməliyyatlar dövründə (1979-1989) Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak oldu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Almaniya və Fransanın daxil olduğu koalisiya qoşunları Əfqanıstanda hərbi əməliyyatlara başladı, "Taliban" qruplaşması hakimiyyətdən uzaqlaşdırıldı və ölkədə yeni demokratik hökumət quruldu.



Bundan əlavə, ABŞ-ın Ruandadakı qanlı hadisələrdə də Fransa və Belçika ilə birgə əli olub. Ruanda soyqırımında 1 milyona yaxın insan qətlə yetirilib.

Bu gün dünyaya "demokratiya dərsi keçən" ABŞ-ın xarabaya çevirdiyi Əfqanıstan, İraq, Liviya və digər ölkələr indiyədək özünə gələ bilməyib. Bu ölkələrdə terror hadisələri, silahlı qarşıdurmalar bu gün də davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İraq   Vyetnam   Soyqırım   Faciə  





Xəbər lenti