“Məndən gözlənti həmişə böyük olur” - Eldəniz Əzizli

“Məndən gözlənti həmişə böyük olur” -    Eldəniz Əzizli
  26 Aprel 2021    Oxunub:4503
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb. Bununla da yunan-Roma güləşçilərimiz arasında qitə birinciliyində ən çox medal qazanan Həsən Əliyevə çatıb.
Azvision.az xəbər verir ki, növbəti dəfə Avropa üçüncüsü olan 29 yaşlı pəhləvanımız Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Varşavadakı çıxışını belə dəyərləndirib: “Yaxşı formada idim. Yarışa yaxşı hazırlaşmışdım. Yəqin ki, görüşləri izlədiniz. Müəyyən qədər hakimlərin, müəyyən qədər də öz səhvlərimdən çempion ola bilmədim. Ancaq ruhdan düşmürəm. Dünya çempionatına hazırlaşıb, nəticəmi daha da yaxşılaşdırmağa çalışacağam”.

Güləşçimiz bildirib ki, son 4 ildə bütün Avropa və dünya çempionatlarında medal qazanmışam. Yunan-Roma güləşində heç vaxt belə bir şey olmayıb. Düzdür, məndən gözlənti həmişə böyük olur. 2019-cu, 2020-ci və bu il əldə etdiyim bürünc medalların hamısı qızıl ola bilərdi. Ancaq qismət belə imiş. Digər yarışlarda çempionluğu əldən verdiyim üçün hardasa səbəblər tapmaq olardı. Ancaq bu yarışa çox yaxşı hazırlaşmışdım. Çəkisalmada heç bir problem olmamışdı. Özümü çox gümrah hiss edirdim. Yarımfinalda Rusiya güləşçisi ilə görüşü də düzgün qurmuşdum. Son 10 saniyədə qələbə heç nədən əlimdən çıxdı. Yoxsa finalda rahat çempion olacaqdım. Çempionluğu əldən verdiyim üçün təəssüflənirəm.

“Yarımfinal sindromu yaşadığımı düşünmürəm. Bu mərhələyə çatanda da üzərimdə hər hansı psixoloji təzyiq hiss etmirəm. Sadəcə, qismətdir, belə alınır”, - deyə güləşçi əlavə edib.

Azvision.az



Teqlər: EldənizƏzizli  





Xəbər lenti