"Bu, Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək" - Hulusi Kılıç

   "Bu, Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək" -    Hulusi Kılıç
  26 Aprel 2021    Oxunub:2948
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi onun suveren hüququdur. Dünya birliyi Azərbaycanın tanınan ərazilərini öz sərhədləri daxilinə əlavə etməsi ilə bağlı hansısa qeyri-peşəkar fikirlər səsləndirməsi beynəlxalq hüquqa ziddir. Azərbaycan multikultiral ölkə kimi dünyaya bir nümunədir.
Azvision.az xəbər verir ki, bunu Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyəddin Kassanov deyib. O, Azərbaycanda yaşayan axısxa türklərinin də digər millətlərlə birgə firavan mühitdə yaşadığını diqqətə çatdırıb.

Azərbaycanın qazandığı tarixi Qələbədən danışan qonaq bu Zəfərin türk dünyası tarixində mühüm yerinin olduğunu bildirib. O, Birlik tərəfindən çap edilən nəşrlərdə Prezident İlham Əliyevin çıxışlarına xüsusi yer verildiyini, hazırda yaşadıqları Qazaxıstanda Azərbaycanın Vətən müharibəsi dövründə haqq səsini ucaltdıqlarını qeyd edib. Qonaq bundan sonra da Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində ciddi səylə çalışacaqlarını diqqətə çatdırıb.



Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyəddin Kassanov səfəri çərçivəsində Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə maddi və mənəvi dəstəyini də əsirgəməyib. Birlik sədri Axısxa türkləri adından hümanitar yardım gətirib.

Tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb, ölkəmizin Cənubi Qafqazın lideri olmasından qürur duyduğunu qeyd edib. Türkiyənin siyasi dəstəyi kimi Qarabağın bərpasında türk iş adamlarının da hazır olduğunu və artıq ilkin addımların atıldığını bildirib. Zəngəzur dəhlizi məsələsinə toxunan sabiq səfir, bu yolun Türkiyə-Azərbaycan ticarət dövrüyyəsini daha da artıracağını deyib. H.Kılıç dəhlizin, həm də türk dünyasına açılan qapı olacağını vurğulayıb.



Sabiq səfir ABŞ prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsinə də toxunub. Hulusi Kılıç bu bəyanatın həmişəki kimi erməni lobbisinin inamını qazanmağa xidmət etdiyini deyib. Heç bir rəsmi və siyasi önəm daşımayan bir ifadənin Türkiyə-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcəyini deyən H.Kılıç strateji planlanmada rəsmi Ankaranın daha radikal siyasi qərarlar verəcəyinə diqqət çəkib.

Sonda media nümayəndələrini maraqlandıran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.











Azvision.az


Teqlər: ZiyəddinKassanov   HulusiKılıç   Tədbir  





Xəbər lenti