Ağcabədi sakinləri minaya düşdü: Ölən və yaralılar var

  26 Aprel 2021    Oxunub : 2299
 Ağcabədi sakinləri minaya düşdü:  Ölən və yaralılar var
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüflər olsun ki, bəzi şəxslərin işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin Azvision.az-a daxil olan birgə məlumatında bildirilib ki, aprelin 26-da Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərərkən minaya düşüblər. Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə çıxaraq, zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılıb, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla mərhum Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən olunub.

Vətəndaşları bu kimi hallardan nəticə çıxarmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq işğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Azvision.az

Teqlər: DİN   Prokurorluq   Ağcabədi   Mina