“ABŞ-ın bölgəyə barıt atmaq planı baş tutmayacaq” - Deputat

“ABŞ-ın bölgəyə barıt atmaq planı baş tutmayacaq” -  Deputat
  27 Aprel 2021    Oxunub:2811
“Uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi heç də ürək açan olmayan Türkiyə –ABŞ münasibətlərinə ciddi zərbə vurmuş oldu:

“Beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətini yürüdən ABŞ, tarixçilərin üzərinə düşən məsələni prezident səviyyəsində bəyanat verməklə qərəzli mövqeyini açıq şəkildə ortaya qoymuş oldu. Əlbəttə bir prezidentin sözü ilə bir millət soyqırımçı ola bilməz və bu açıqlamanın tarixi baxımdan, nə də ki siyasi baxımdan heç bir dəyəri, sübutu yoxdur. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxması prosesi məhz elə erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalıb. Tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporasını razı salmaq, ona sırınmaq istəyən Baydenin heç də uzaq keçmiş olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir”.

Deputat deyir ki, 30 il müddətində ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan –Azərbaycan arasında olan münaqişənin həlli yolunda addım atmayan, əksinə, ortaya ermənipərəst mövqe qoyan ABŞ hansısa haqq-ədalətdən danışa bilməz:

“Uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə Baydenin diqqətini cəlb etməyib. Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab Prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı isə baş tutmayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Deputat   Soyqırımı  





Xəbər lenti