“Yüzlərlə kənd, qəsəbə və şəhərlər bərpa olunmalıdır” - İlham Əliyev

 “Yüzlərlə kənd, qəsəbə və şəhərlər bərpa olunmalıdır” -    İlham Əliyev
  27 Aprel 2021    Oxunub:2629
Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində icra olunacaq birinci “Ağıllı kənd” layihəsində iştirak edəcək İtaliya şirkətinin layihə meneceri Cüzeppe Grisoliya ilə videoformatda söhbət edərkən səsləndirib.

“Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, bu layihənin uğurlu icrası bizə bu təcrübədən Qarabağın digər yerlərində istifadə etməyə imkan verəcək. Çünki yüzlərlə kənd, qəsəbə və şəhərlər bərpa olunmalıdır.

Qeyd edək ki, İtaliya şirkətinin biznes ideyası strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır. Layihə menecerinin sözlərinə görə, südçülük ferması qurulandan sonra tam təlim kursu keçiləcək. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Şirkətin hədəfi yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti