“Bərpa işlərində ən incə detallar belə nəzərə alınır” - Cəbrayılın deputatı

 “Bərpa işlərində ən incə detallar belə nəzərə alınır” -  Cəbrayılın deputatı
  28 Aprel 2021    Oxunub:6713
“Azərbaycan işğaldan azad olunan ərazilərdə qısa müddətdə nəinki təmir və bərpa işlərinə başladı, artıq ilk “Ağıllı ev”in təməli də atıldı”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib.
Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərini şərh edən deputat Cəbrayılın girişində quraşdırılan məşhur lövhənin əvvəlki görkəmdə bərpa edilməsinin xüsusi məna daşıdığını deyib:

“Cəbrayılın girişindəki həmin məşhur lövhə Sovet dönəmində hazırlanmışdı. Rayon uzun müddət işğal altında qaldığı üçün digər obyektlər kimi bu lövhə də bərpa olunmamışdı. Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra qısa müddət ərzində həmin lövhəni bərpa etdi. Bu məsələdə təbii ki, bir mesaj da var. Yəni, biz bütün doğma torpaqlarımıza qayıtmışıq, hər incə detalı diqqətdə saxlayıb ərazilərimizi bərpa edəcəyik, həmin ərazilərin əbədi və əzəli sakinləri məhz azərbaycanlılardır”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan yenidən Ermənistanın hansısa təxribat törətməsinə, revanşist addımlar atmasına imkan verməyəcək. Eyni zamanda, işğaldan azad olunmuş digər bölgələrimizdə viran qoyulmuş sosial obyektlər də bu lövhə kimi qısa müddətdə təmir və bərpa olunacaq. Ölkə rəhbərliyi qısa müddətdə bu siyasəti uğurla yekunlaşdıracaq. Lövhənin əvvəlki dizaynla bərpası Azərbaycanın tarixə, mədəniyyətə, torpağa verdiyi böyük dəyərin, qiymətin daha bir göstəricisi oldu:

“Böyük Qayıdışla bağlı səslənən mesajlara gəldikdə isə, artıq cənab Prezidentin rəhbərliyi ilə bu istiqamətdə aktiv işlərə başlanıb, ilk “Ağıllı ev”in təməli qoyuldu. Bu, bərpa işlərində yeni mərhələ, mühüm hadisə sayılır. Vətən müharibəsi uğurla yekunlaşdıqdan sonra Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri də ölkəmizdə ilk dəfə tətbiq olanacaq “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri idi. Ümumiyyətlə bu proseslərin işğaldan azad olunan ərazilərdə uğurla gedəcəyi əvvəldən bəlli idi. Məsələ ondadır ki, həmin layihələrin icrası gözləniləndən də sürətli baş tutur. Qısa müddətdə Azərbaycan burada nəinki təmir və bərpa işlərinə başladı, artıq ilk “Ağıllı ev”in təməli də atıldı. Əslində “Ağıllı ev”in inşasına başlanılana qədər işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilirdi.

Qısası, dünyanın ən son texnologiyaları tətbiq olunmaqla ilk “Ağıllı kənd”in qurulmasına başlanması hazırkı mərhələdə böyük uğur sayılır. Prezidentin regiona səfəri zamanı səsləndirdiyi fikirlər Ermənistan tərəfinə mesaj idi ki, biz bu torpağın əbədi sakinləriyik. Heç vaxt hansısa təxribatların reallaşmasına yol verilməyəcək. Bölgəyə yeni həyat gətiririk. Hələlik “Ağıllı evləri”n inşasına başlanması ilkin layihə sayılır. Növbəti aylarda digər bölgələrdə, başqa rayonlarda da bu kimi uğurlu, müasir layihələrin icrasına start veriləcək. Sonda insanlarımız mərhələli şəkildə öz dədə-baba yurdlarına rahat şəkildə qayıtmış olacaqlar. Bütün bunlarla parallel olaraq aktiv şəkildə mina təmizlənməsi işləri, erməni vandallarının törətdikləri vəhşiliklərin aktlaşdırılması prosesləri də gedir. Əslində bəziləri düşünürdü ki, quruculuq prosesləri uzun vaxt tələb edəcək, işlərə ən azı bir il sonra başlanacaq. Amma Prezidentin səfəri zamanı gördük ki, bu belə deyil. Müharibə bitdikdən bir neçə ay sonra Azərbaycan bərpa layihələrini uğurla həyata keçirməyə başlayıb, “Ağıllı kənd”lərimiz tezliklə yerli sakinlərin ixtiyarına veriləcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cəbrayıl   Deputat  





Xəbər lenti