“Hindistan ştammı çox təhlükəlidir, ehtiyatlı olmalıyıq” - Adil Qeybulla

 “Hindistan ştammı çox təhlükəlidir, ehtiyatlı olmalıyıq” -  Adil Qeybulla
  28 Aprel 2021    Oxunub:3167
Hindistan ştammı ilk dəfə şərqi Benqaliya ştatında Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immunreaksiyadan yayınma qabiliyyəti var. Ola bilər ki, immunitetimiz bu virusa qarşı həssas olmasın.
Bunu Azvision.az -a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, virusun bu cür mutasiyası çox təhlükəlidir:

“Hindistanda gündəlik ölü sayı 3 min civarındadır. Küçələrdə kütləvi meyitlərin yandırılması həyata keçirilir. Dünya narahatdır ki, meyitlərin yandırılması virusu yenidən aktivləşdiə bilər. Lakin belə deyil, yüksək temperaturda viruslar dərhal deformasiya olur və öz aktivliyini itirib, məhv olur. Bu ekoloji problem yarada bilər, çünki Hindistan küçələrində meyitlərin yandırılması artıq ənənəvi hal alıb.

Bu gün artıq San Fransiskoda Stenford Universitetinin Klinik Virusologiya bölməsində Hindistan ştammının müəyyən edildiyi bildirilir. Hindistan ştammının Rusiyada da olduğu güman edilir”.

A.Qeybulla qeyd edib ki, Hindistan ştammı sürətlə yayılarsa, dünyada pandemiyanın dördüncü dalğası qaçılmaz olacaq:

“Bəzi alimlər bunu virusun ikiqat mutasiya olduğuna görə, pandemiyanın yeni mərhələsi sayırlar. Hindistan ştammının hansı davranışlar sərgiləyəcəyi insanları çox narahat edir. Dünyanın belə bir çətinlik qarşısında qaldığı zamanda hesab edirəm ki, çox diqqətli və ehtiyatlı olmalıyıq. Artıq bütün ölkələrdə həm xeyli insanlar yorulub, həm də resurslar tükənib. Belə bir dalğa olsa, bu, böyük itkilərə gətirəcək. Hər halda, koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur və pandemiyanın bitmək ehtimalı yoxdur. Karantin qaydalarına əməl etmək çox vacibdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: AdilQeybulla  





Xəbər lenti