“Yayda yoluxma sayı qışa nisbətən az olur” - Həkim-infeksionist

 “Yayda yoluxma sayı qışa nisbətən az olur” -  Həkim-infeksionist
  28 Aprel 2021    Oxunub:8235
Dünyanı cənginə alan COVID-19 pandemiyası insanların həyatı üçün böyük təhlükədir. Xəstəliyə yoluxub yüngül keçirənlərlə yanaşı, ağırlaşanlar, xəstəxanaya yerləşdirilənlər və ölənlər də çoxdur. COVID-in bu gün insanlara ən böyük təsiri psixoloji yüklənmədir.
Bunu Azvision.az -a açqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. O bildirib ki, insanlar bəzən xəstəliyi yüngül keçirir, amma psixoloji yüklənmə səbəbindən onlarda tənginəfəslik yaranır.

"Həmin şəxslər nevroloqa yönləndirilir və müalicə olunur. Bu gün dünyada COVID-ın müxtəlif ştammları – Britaniya, Brazilya, Hindistan və Cənubi Afrika ştammları yayılıb. Bunların hər biri təhlükəli olsa da, ölkəmizdə hələlik Britaniya ştammı aşkarlanıb. Bu ştammın öldürücülük qabiliyyəti, patogenliyi COVID-19-dan çox da fərqlənmir. Yalnız yoluxuculuq qabiliyyəti fərqlənir”.

Hazırda Azərbaycanda koronavirusa gündəlik yoluxanların sayında azalmaların müşahidə edilyini deyən həkim-infeksionist qeyd edib ki, burada əsas məsələ fərdi şəkildə özünü qorumaqdır.

“Əks-epidemik qaydalara riayət olunsa, pandemiyaya qarşı aparılan mübarizə tədbirləri effektiv nəticə verər. Bəzən laqeydlik də nümayiş olunur. Bu gün COVID-19 virusuna inanmayanlar və ya inansa da, xəstəliyə yoluxmayacağını güman edənlər də var.
Azərbaycanda karantin qaydalarına riayət olunması, vaksinasiya olunanların artması və əhalinin çox hissəsinin virusu keçirməsi səbəbindən yoluxma sayı gündəlik azalır. Yay fəslinə doğru gedirik, bu dövrdə virusa yoluxma sayı qışa nisbətən az olur. Biz virusun artmağını yox, azalmağa doğru gedəcəyini düşünürük. Lakin bu, insanları arxayınlaşdırmamalıdır. Qaydalara əməl etmək, maskadan istifadə, sanitar-gigiyenik qaydalara əməl etmək, fiziki məsafəni saxlamaq vacib şərtdir. Biz arxayınlaşsaq, vəziyyət yenidən dəyişə bilər”.

M.Əliyev koronavirusla mübarizədə karantin qaydalarının tətbiqinin effektiv nəticə verdiyini qeyd edib:

“Amma fərdi şəkildə insanlar qaydalara riayət etməsə, istənilən nəticəni əldə etmək çətin olacaq. Türkiyədə hazırda koronavirusa yoluxma dalğavari gedir. Qarşıdan Ramazan bayramı gəlir və Türkiyədə bu bayram böyük coşqu ilə keçirilir. İnsanlar bir-biri ilə yaxın münasibətdə olurlar. Yoluxma sayının yenidən artacağı güman edildiyi üçün karantin rejimi sərtləşdirilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti