“Ermənistan xilas olmaq istəyirsə, təkliflərimizi qəbul etməlidir” - Politoloq

“Ermənistan xilas olmaq istəyirsə, təkliflərimizi qəbul etməlidir” -  Politoloq
  28 Aprel 2021    Oxunub:4750
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan hələ də özünə gələ bilmir. Bir yandan ordusunun darmadağın olması, digər tərəfdən müharibənin gətirdiyi iqtisadi böhran fonunda işğalçı ölkə bataqlıqda çabalayır. Hazırki hökumət sosial partlayışın qaçılmaz olduğu Ermənistanı xilas etmək iqtidarında deyil və səfalət içində yaşayan ermənilər fəlakətdən qurtulmaq üçün xilas yolları axtarırlar.
Bölgədə müharibədən sonra maraqlı situasiya yaranıb - bir tərəfdə praqmatik, realist siyasət yürüdən qalib Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini dərinləşdirən Ermənistan dayanır.

Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıq təkcə ölkəmiz üçün deyil, Ermənistana da geniş imkanlar açır. İrəvan hakimiyyəti düşmənçilik planlarından birdəfəlik əl çəkmək şərtilə Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizi başda olmaqla digər layihələrdən də yararlana biləcək. Bu ölkənin əməkdaşlıq, normal qonşuluq siyasətindən başqa yolu yoxdur. İrəvan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır. Əks halda Ermənistanı qarşıda daha ağır günlər gözləyir.

Politoloq Tofiq Abbasov Azvision.az-a bildirib ki, əslində ermənilərin bölgədə sülhün yaranması ilə bağlı təkliflərə mənfi reaksiya verməsinin dərin kökləri var:

“İrəvan 30 ilə yaxın müddətdə Qarabağla bağlı bütün prosesləri süründürürdü, sülh danışıqlarını geri atırdı. Mənfur qonşularımız bununla elə bilirdilər ki, status-kvo əbədi qalacaq. Onların məqsədi status-kvonun dəyişməməsi, azərbaycanlıların öz dədə-baba torpaqlarını unutması, hazırda bizim təşəbbüsümüz olan bölgəyə gəlməli olan sülhün əngəllənməsi idi. Həmin qaranlıq illərdə rəsmi Bakı ortaya müxtəlif optimal təkliflər qoyur, müxtəlif təşəbbüslər irəli sürürdü. Amma bu xoşməramlı cəhdlərə adekvat cavab verilmirdi. İndi vəziyyət tamamilə dəyişib. Azərbaycan 44 günə 21-ci əsrin müharibəsini apararaq torpaqlarını öz gücünə azad edib. Bu gün rəsmi Bakı İrəvana artıq fərqli istiqamətdə təkliflər verməyə başlayıb. Ermənistan rəhbərliyi istəsə də, istəməsə də biz öz təkliflərimizdən irəli gələn planları, regional layihələri həyata keçirəcəyik. İndiki vəziyyət, yeni şərait və qarşıdan gələn çağırışlar bunu tələb edir”.

Politoloq qeyd edib ki, məğlub erməni xalqı bundan sonra konkret qərar verməlidir. Aydınlaşdırılmalıdır ki, ermənilər qarşıdakı illərdə xaricdən idarə olunacaqlar, yoxsa, hakim dairələri, intellektual yaradıcı qüvvələri bizim təklif etdiyimiz proseslərlə bağlı müstəqil qərar verə biləcəklər:

“Xaricdən hələ də gəlməkdə davam edən dəstəklər nəyə yönəlib? Bir qayda olaraq qarşıdurma siyasətini qüvvədə saxlamağa. Sanki diaspor təşkilatları, lobbi, onlarla əlaqədə olan xarici dairələr sosial sifariş kimi deyirdilər ki, "biz sizə köməklik göstəririk, amma nə badə Azərbaycan və Türkiyə ilə barışığa gedəsiniz. Sizi ona görə dəstəkləyir, maliyyə yardımları ayırırıq və digər məsələlərdə öz çətirimizin altına alırıq ki, hər iki qonşunuzla daim çəkişəsiniz". Əgər Ermənistanda hakimiyyətə gələcək komanda bu məsələdə birinci növbədə xarici qüvvələrin yedəyindən çıxsa, kilsənin dağıdıcı siyasətindən qurtulsa, bütün təşəbbüsü öz üzərinə ala bilsə, o zaman güman edirəm ki, Ermənistan ortada olan müsbət təkliflərdən yararlana biləcək. Onlar özləri üçün normal güzəran qurmaq istəyirlərsə, gərək talelərini öz əllərində saxlasınlar. İxtiyarları ABŞ, Fransa və digər ölkələrdə olmasın. Yox, əgər yeni sistemdə də əvvəlki qaydalar qüvvədə qalacaqsa, diaspor, kilsə, kənardan gələn diqtələr öz sözünü deyəcəksə, təbii ki, regionda heç nə dəyişməyəcək. Biz zor gücünə də olsa dəhlizi bərpa edəcəyik, amma onlar bizimlə sülhə razı olmayacaqlar. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərə səfərində revanşist hisslərlə yaşayanlara son xəbərdarlığını etdi. Hətta əgər bundan sonra revanşizm olsa belə, bu, loru dildə desək, “axtalanmış” revanşizm sayılacaq. Çünki ermənilərin heç bir siyasi, iqtisadi və hərbi imkanları olmayacaq ki, azərbaycanlılara diqtə etsinlər. İrəvanın qüvvələr balansını öz xeyirlərinə dəyişmək potensialı da olmayacaq. Gələcəkdə bizi yeni təhdidlərlə qarşılamaları real görünmür.

Qısası, deyə bilərəm ki, təşəbbüs və təkliflərimizin qarşısında bataqlıqdan çıxmaları erməni xalqından asılıdır. Artıq ermənilər yarım ildir ki, 30 ildə boşa verdikləri vaxtı, nahaqdan xərclədikləri resursları, maliyyə dəstəklərinin havaya uçması kimi məsələləri yenidən nəzərdən keçirirlər. Araşdırırlar ki, strateji, taleyüklü səhvləri nədən ibarət idi. Həm Türkiyə, həm Azərbaycan, həm də əksər müttəfiqlərimiz tərəfindən dəfələrlə bəyan edilirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi düzgün yolda deyil. İndi artıq seçim vaxtıdır. Ya normal qonşuluq siyasətini seçməlidirlər, ya da bataqlığın dərinliyində yox olacaqlar. Onların yalnız bir şansı var”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti