“Zərifə Əliyevanın tibb elmində misilsiz xidmətləri olub” - Deputat

“Zərifə Əliyevanın tibb elmində misilsiz xidmətləri olub” -  Deputat
  29 Aprel 2021    Oxunub:3063
Bu gün Azərbaycan tibb elmində silinməz izlər qoymuş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Tanınmış oftalmoloq-alim, görkəmli ictimai xadim, böyük pedaqoq, fitri istedadı ilə hər kəsi heyran qoyan Zərifə xanım Əliyevanın əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayır. Onun səhiyyəmizə verdiyi misilsiz töhfələr bu günədək yüzlərlə insana nur bəxş edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Azvision.az -a bildirib ki, Zərifə xanım oftamologiya sahəsində görkəmli alim olmaqla yanaşı, Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım-xatın ziyalı, şəfalı əlləriylə gözlərə işıq bəxş edən mərhəmətli və nurlu şəxsiyyət idi.

Deputat vurğulayıb ki, Zərifə xanımın tibb elmində əldə etdiyi böyük uğur və nəticələr bu gün də öz bəhrəsini verir.

“Zərifə xanım Azərbaycanın tibb elmində misilsiz xidmətləri olmuş alimdir. 1950-1960-cı illərdə bəşəriyyət, eləcə Azərbaycanda traxoma adlı infeksiya ilə mübarizə aparılırdı. Həmin xəstəlik keçici, gözü kor edən infeksiyadır. Zərifə xanım bu xəstəliyin müalicə və profilaktikasının əsasını qoyanlardan biridir. O, nadir alimlərdəndir ki, gözün qişa xəstəlikləri ilə bağlı tədqiqatlar aparıb, elektronika və kimya sahəsində araşdırmalarla məşğul olub. Asan sahədə çalışmayıb, bu tibb elminin elə bir sahəsidir ki, onun banisinə çevrilib.

Zərifə xanım bu gün fizioloji olaraq bizdən ayrıdır, amma onun miras qoyduğu elm bu gün də, gələcəkdə də xalqımız, millətimiz üçün, bütövlükdə bəşəriyyət və səhiyyə işçiləri üçün çox dəyərli sərvətdir. Zərifə xanım elm sahəsində işıqlı yol salıb. Böyük nəticələr əldə edib".

M.İbrahimqızı qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

"Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı olaraq, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin xanımı kimi istəsəydi asan bir sahə ilə məşğul ola bilərdi. Sadə həkim olmaqla da kifayətlənə bilərdi. Çünki Heydər Əliyev kimi böyük şəxsiyyətin xanımı olmaq elə də asan deyildi. Onun ailəsi olmağın özü böyük bir vəzifə, məsuliyyət idi. Buna baxmayaraq, Zərifə xanımın savadı, intellekti, təhsil səviyyəsi, aldığı bilik, xalqın sevgisi, onun bu çətin sahə üzrə axtarışlar, tədqiqatlar apararaq gözəl nəticələr əldə etməsinə səbəb oldu”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ZərifəƏliyeva   Alim   Akademik  





Xəbər lenti