“Blinkenin İlham Əliyevə zəngi ermənilər üçün soyuq duş effekti oldu” - Politoloq

 “Blinkenin İlham Əliyevə zəngi ermənilər üçün soyuq duş effekti oldu” -   Politoloq
  29 Aprel 2021    Oxunub:2714
“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi hər iki tərəf üçün vacib idi”
Azvision.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, telefon danışığında ABŞ dövlət katibinin ikitərəfli münasibətlərin inkişafına toxunaraq, əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir:

“Təsadüfi deyil ki, Entoni Blinken Prezident İlham Əliyevə bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir.

ABŞ dövlət katibinin Prezident İlham Əliyevlə məhz indi danışması ermənilərə soyuq duş effektidir. Çünki, ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin “soyqırımı” ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açıqlama Pentaqondan da yayımlanıb. Ayrıca, Entoni Blinken telefonda Prezident İlham Əliyevin Amerika prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. İlham Əliyevin dilindən “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   Politoloq   Soyqırımı  





Xəbər lenti