“Blinken Azərbaycana dəstəyini ifadə etdi” - Asim Mollazadə

 “Blinken Azərbaycana dəstəyini ifadə etdi” -  Asim Mollazadə
  29 Aprel 2021    Oxunub:4752
Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət katibi telefon söhbətində Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb.Blinken, həmçinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.
Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Prezident bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdıraraq, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Bundan əlavə, Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Entoni Blinken, həmçinin bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Ölkə başçısı bununla bağlı minnətdarlığını bildirib, daha sonra ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar ölkəmizin mövqeyini qarşı tərəfin nəzərinə çatdırıb.

Prezident qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Entoni Blinkenin Azərbaycan Prezidentinə həssas dönəmdə zəng edərək əməkdaşlığın əhəmiyyətindən söz açmasını Azvision.az-a şərh edən Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, indiki halda Vaşinqtondan belə bir jestin olması müsbət addım sayılmalıdır:

“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Co Baydenin “erməni soyqırımı” ilə bağlı yaratdığı problemlərin həllinə yönəlmişdi. Əslində ABŞ prezidentinin bu hərəkəti Amerikanın bölgədə ən böyük tərəfdaşına, uzun illərdir ki, Cənubi, Şərqi Avropa, eləcə də Orta Şərqdə Vaşinqtonun ən ciddi və etirbarlı müttəfiqinə zərbə idi. Azərbaycanın da maraqlarına zidd idi. Ölkəmiz ABŞ ilə hər zaman strateji tərəfdaş olub, Amerikanın milli təhlükəsizlik sisteminə dəstək istiqamətində ciddi addımlar atıb. Hazırda məlum bəyanat müəyyən fəsadlar törədib. Entoni Blinkenin bu zəngi fəsadları aradan qaldırmaq, əvvəlki sıx münasibətləri bərpa etmək, Azərbaycana dəstək ifadə etmək üçün baş tutdu. Zənnimcə, bu müsbət bir addımdır”.

Asim Mollazadə hesab edir ki, ABŞ sona çatmış Qarabağ müharibəsinin yaratdığı problemlərin aradan qaldırılması, işğaldan azad edilən ərazilərə vətəndaşlarımızın köçürülməsi, yeni texnologiyaların əsasında ərazilərin bərpasına öz dəstəyini verə bilər:

“ABŞ ümumilikdə Böyük Qayıdış planına dəstək verə bilər. Bu istiqamətdə bizim qarşımızda duran hədəflər ondan ibarətdir ki, Qarabağa Böyük Qayıdış planını uğurla yekunlaşdıraq. Hazırda əsas strategiyamız bundan ibarətdir.

Təəssüf ki, ermənilər ABŞ daxilində ölkənin xarici siyasətinə ciddi təsir göstərə bilirlər. Onların çox güclü və türklərə nifrətlə yanaşan diasporları var. Amerika bu qüvvələrin qurbanına çevrilir. Çünki əslində Baydenin səsləndirdiyi fikirlər, mövqeyi ABŞ-ın milli təhlükəsizlik maraqlarına böyük zərbə idi. Qısası, yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında münasibətlərdə hansısa prinsipial dəyişikliklərin olacağını gözləmirəm. Zatən qarşıdakı illərdə ABŞ-ın başı digər məsələlərin həllinə ciddi şəkildə qarışacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: ABŞ   Bayden   Deputat   Prezident  





Xəbər lenti