“Fransa Minsk Qrupunda təmsil oluna bilməz” - Politoloq rəyi

 “Fransa Minsk Qrupunda təmsil oluna bilməz” -  Politoloq rəyi
  29 Aprel 2021    Oxunub:9335
Fransada Azərbaycana qarşı təxribatçı addım atılıb. Belə ki, Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin erməni "əsirlərin" qaytarılmasını tələb edən qətnamə layihəsini ölkə parlamentinə təqdim edib. Fransalı deputatın müəllifi olduğu qətnamə layihəsində Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvləri “hərbi əsir və dinc sakinlər” kimi qələmə verilib.
Politoloq İlqar Vəlizadə məsələ ilə bağlı Azvision.az-a bildirib ki, Fransadan gələn anti-Azərbaycan kampaniyalar bu ölkənin Minsk Qrupundan uzaqlaşdırılmasını tezləşdirə bilər. Ümumilikdə rəsmi Bakıya bu cür əsassız təzyiq metodları ilə təsir etmək mümkün olmayacaq:

“Fransa Milli Assambleyasının Azərbaycanla uzun müddət torpaqları işğal altında saxlamış Ermənistan arasında yaşanan olaylara qarışması nə dərəcədə düzgündür? Fransa parlamenti getsin ölkədaxili proseslərə müdaxilə etsin, özlərinin probleminə dair məsələlər ətrafında olan layihələrə baxsın. Bu, hazırda gündəmə gələn məsələnin bir tərəfidir. Fransızların hazırkı siyasi gedişləri onların kobud şəkildə digər ölkənin suveren hüquqlarını tapdalaması sayılır. Bu kimi layihələrin hazırlanması, müzakirəsi və ya hansısa qətnamənin qəbulu Fransa Milli Assambleyasının işi, vəzifəsi deyil”.

Politoloq deyir ki, dünyada bu kimi problemlər iki ölkə arasında müzakirə və ya həll edilir. Müharibə sonrası təxribatlar üzündən saxlanılmış cinayətkar erməni hərbi birləşmələri ilə bağlı məsələlər də Bakı ilə İrəvan arasında müzakirə olunmalıdır:

“Bir qədər loru dildə sual etsək, Fransa parlamenti kimdir ki, bu gün belə anormal siyasi gedişlər edir? Xatırlayırsınızsa, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər" adlanan mövzu müzakirə edildi. Ermənilər AŞPA-da həmin məsələləri qaldırmışdılar. Amma məsələ gündəliyə daşınmadı, effekt vermədi. Bu AŞPA-ya aid problem olmadığı təqdirdə, onlar belə “hərbi əsir” olayının üstündən keçdilərsə, o zaman Fransa parlamenti hansı məntiqlə belə addımlar atır?

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistana yaxınlığı ilə seçilən Fransa uzun illər münaqişənin həlli üçün uğursuz şəkildə fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu mənada Paris neytrallığı saxlamalı idi, münaqişənin mövcud olduğu illərdə olduğu kimi postmüharibə dövründə də iki ölkə arasında yaranmış problemlərə bitərəfliyini saxlamalı idi. İndiki halda fransız deputatların məlum problemlərə qarışmaq hüquqları, haqları yoxdur. Bizim üçün əsas Fransa hökumətinin, rəhbər şəxslərinin davranışıdır. Hazırda hökumətlə bağlı ciddi problemlər yaşanmır. Rəsmi olaraq Fransadan bizə hansısa etiraz, çağırış və ya təklif gəlməyib. Heç onlar Azərbaycan rəsmilərinə hansısa rəsmi irad bildirə bilməzlər. Niyə? Çünki Fransa rəhbərliyi öz səlahiyyətlərinin hüdudlarından xəbərdardır. Onlar gözəl anlayırlar ki, Azərbaycan hansısa diqtə etməyi bacardıqları ölkə deyil, Bakı ilə başqa cür davrana bilməzlər. Davransalar, öz səlahiyyətlərini aşmış olacaqlar”.

Politoloq onu da vurğulayıb ki, əgər Fransa parlamenti bizə qarşı hansısa təzyiq metodu olaraq təklif edilən layihəni dəstəkləsə, qətnamə qəbul etsə, bu fakt iki ölkə arasında ciddi soyuqluğa səbəb olacaq: “Belə bir fakt olsa, bu amili nəzərə alaraq fransızları Minsk Qrupundan uzaqlaşdırmağı tələb edə bilərik. Artıq bu açıq-aşkar, təsdiqlənmiş faktlar qərəzli yanaşma sayılacaq. Qərəzli, birtərəfli yanaşmalarla heç bir ölkə Minsk Qrupunun heyətində təmsil oluna bilməz. Həmin ölkə sülhyaradıcı missiyanı üzərinə götürmüş qrupdan özü çıxmalıdır.

Əgər belə “insanlıq” göstərməyə çalışırlarsa, ilk növbədə minalı ərazilərin xəritələrinin təhvil verilməsi təşəbbüsü ilə çıxış etməlidirlər. Fransızlar vəziyyəti olduğu kimi, obyektiv dəyərləndirib, qiymət versəydilər, özləri xəritə məsələsini gündəmə daşımalı idilər. Heç Azərbaycanın hansısa təklif, irad və ya tələb formasında müraciətinə ehtiyac qalmazdı. Fransız deputatlar bu cür qənaətə gəlməli idilər ki, müharibə yekunlaşdığı üçün Ermənistana təzyiq olunmalıdır. Əks təqdirdə minalar hələ çox insanın həyatına son qoya bilər. Amma onlara hansısa bir məsələ ilə bağlı müraciət etmək mənasızdır. Çünki fransızlar artıq qərəzli, ermənipərəst olmalarını dəfələrlə təsdiqləyiblər. Parisdə oturub qərar verənlər, layihə hazırlayanlar Avropanın ən güclü ermənipərəst qüvvəsi sayılır. Onlardan hansı ədaləti tələb etmək olar axı?”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Paris   Minsk-Qrupu  





Xəbər lenti