“Azad edilmiş torpaqların hesabına idxalı azalda bilərik” - Ekspert

“Azad edilmiş torpaqların hesabına idxalı azalda bilərik” -  Ekspert
  29 Aprel 2021    Oxunub:2846
Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, bu fərmana uyğun olaraq icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi və bu kimi səlahiyyətlərin icrası müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir.
Mövzu barədə Azvision.az -a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə iqtisadı aktivliyin yaradılmasında başlanğıc üçün kənd təsərrüfatı iqtisadiyyatın ən əlverişli sahəsidir:

"Çünki o ərazilərdə digər iqtisadi sahələrin inkişafı üçün daha mürəkkəb və hərtərəfli infrastrukturun qurulmasına ehtiyac var. Amma kənd təsərrüfatı elə sahədir ki, torpaqların minalardan təmizlənməsindən sonra bu istiqamətdə işlərə tədricən başlamaq olar. Bir müddət əvvəl cənab Prezident azad edilmiş ərazilərdə 13 avtomatlaşdırılmış hidroloji stansiyaların yaradılması ilə bağlı göstərişlər vermişdi. Bu göstərişin məqsədi ilk növbədə kənd təsərrüfatına xidmət, o istiqamətdə uğurlu fəaliyyətə daha yaxşı nail olmaq idi. Çünki susuz kənd təsərrüfatı yoxdur. Bu sahənin inkişafı üçün sıfır nöqtəsi sudur, hər şey ordan başlayır. Ona görə də avtomatlaşdırılmış hidroloji stansiyalar regionun su balansının qorunmasına, su ehtiyatlarının tənzimlənməsinə, su çatışmazlığı ilə qarşılaşma ehtimallarının əvvəlcədən müəyyən edilməsinə və problemin yaranmasından öncə bunun qarşısının alınmasına imkan verəcək.

Eyni zamanda, su elektrik stansiyalarının qurulmasına şərait yaradacaq ki, bu da kənd təsərrüfatı üçün elektrik təminatının, eləcə də gələcəkdə yaradılacaq kənd təsərrüfatı üzrə emal sənayesinin enerjiyə olan təlabatının ödənilməsinə xidmət edəcək".

Ekspert sözügedən işlərin icrasına dair daha bir vacib məqam kimi həmin ərazilərdə fəaliyyət üçün cəlb ediləcək təsərrüfat subyektlərinin bu sahədə təcrübəli olması, ən müasir texnoloji yeniliklərin tətbiqinə daha böyük önəm verilməsini vurğulayıb.

"Eyni zamanda, mümkün qədər sahibkarların kənd təssərüfatında emal sənayesi sahələrinin yaradılma imkanlarına baxılmalıdır. Gələcəkdə məhsul həcmləri artdıqdan sonra bu məhsullar emal proseslərinə cəlb edilməli və dəyər zənciri daha da genişləndirilməlidir. Digər bir önəmli məsələ səlahiyyət sahiblərinin vəziyyətdən sui-istifadə edərək torpaqların bu və ya digər formada mənimsənilməsinə, qeyri-adekvat bölgüsünə imkan verilməməlidir. Əgər bütün işlər deyildiyi kimi gedərsə, sui-istifadə hallarına yol verilməzsə yaxın illərdə biz o torpaqların hesabına kənd təssərüfatı malları üzrə idxal səviyyəsini xeyli aşağı sala bilərik.

Məlumat üçün deyim ki, bu ilin ilk 3 ayı ərzində xarici ticarət dövriyyəsində 1,6 milyard dollarlıq müsbət saldo olsa da, idxal məhsulları içində kifayət qədər kənd təsərrüfatı məhsullarının çəkisi var. Biz bu ilin ilk 3 ayı ərzində 2.2%-lik artım olan kənd təsərrüfatı istehsalını daha da artırmaqla kənd təsərrüfatı məhsullarının idxal asılılığını minimuma endirə bilərik. İxraca yönələn hissənin həcmini artırmış olaraq. Bu isə xarici ticarət saldosunda daha böyük nəticələrin əldə olunmasına imkan verər. Toxunmaq istədiyim digər bir məsələ kənd təsərrüfatı üzrə fəaliyətin ilkin başlanmasından sonra avtomatik olaraq oralarda yaşayış məskənləri salınmağa başlayacaq. İdarəedicilərin, işçilərin və digər insanların özləri və ailələrinin orada yaşaması lazımdır. Demək, bunun ardından onların uşaqları üçün məktəb və digər sahələrə aid məsələr gündəmə gələcək. Bu isə tədricən yaşayış məskənlərinin salınmasına gətirib çıxaracaq. Demək istədiyim odur ki, dövlət bu işləri də tam nəzarətdə saxlamalı, ya da əvvəlcədən konkret planlar cızılmalıdır ki, təsərrüfat subyektlərinin özbaşına yaratdıqları yaşayış tikililəri sonra yaşayış məskəninə çevrilib, o ərazilərin əsas planı ilə ziddiyyət təşkil etməsin və ya sonrakı illərdə digər böyük layihələrin icrasına mane olmasın", - deyə iqtisadçı ekspert qeyd edib.

Azvision.az


Teqlər: EldənizƏmirov  





Xəbər lenti