“Zəngilanda “Ağıllı kənd”in qurulması innovativ hadisədir” - Tahir Mirkişili

 “Zəngilanda “Ağıllı kənd”in qurulması innovativ hadisədir” -  Tahir Mirkişili
  29 Aprel 2021    Oxunub:3490
Bu gün rəqəmsal yanaşma, müasir texnologiyalar olmadan sürətli inkişafa nail olmaq qeyri-mümkündür. Bu günlə müqayisədə 5 il əvvəlki insanların davranışları da dəyişib. İnsanlar getdikcə informasiya texnologiyalarından daha çox istifadə etmək, virtual formada qərar vermək yönümündədirlər. Azərbaycanın işğaldan azad olunan ərazilərdə rəqəmsal innovativ yanaşma ortaya qoyması ölkənin gələcək inkişaf istiqamətində getməsindən xəbər verir.
Bunu Azvision.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Zəngilan rayonunda təməli qoyulan birinci "Ağıllı kənd" layihəsinin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada ən böyük problemlərdən biri rəqəmsal uçurumun olmasıdır.

“Hazırda dünyada paytaxtla regionlar arasında və yaxud şəhərlə kənd arasında texnoloji fərqlər var. Bu məsələ uzun illər müzakirə olunur. Çünki kəndlə müqayisədə şəhərdə olan insanların İKT çıxışı daha yaxşıdır. Bu uçurumun aradan qaldırılmasında ən böyük çətinlik insanların mövcud yerləşməsi, infrastrukturun olmasıdır. Çünki “Ağıllı şəhər” və “Ağıllı kənd” yaratmaq üçün infrastruktur yenidən qurulmalıdır, yeni xətlər çəkilməlidir. İnsanların yerləşdiyi evlərin forması, küçələr buna bəzən mane olur. Azad olunmuş rayonlarda infrastrukturun sıfırdan qurulması burada dünyanın ən son texnologiyalarını tətbiq etməyə imkan verir. Düzdür, oranı dağıdılmış görmək bizim üçün ürəkağırısıdır. Biz orada hər şeyi sıfırdan qururuq”.

T.Mirkişili qeyd edib ki, bu gün dünyada müasir texologiyalar kənd və şəhər arasında fərqi sıfırlayır, insanlara bərabər imkanlar yaradır: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçəcək əhali üçün yaxşı imkanların yaradılması həm regionun, həm də Azərbaycanın inkişafında yeni mənbələr axtarmaq və tapmaq, həmin insanların bu proseslərə qoşulması baxımından önəm daşıyır. Bu, insanların illər ərzindəki ağrı-acısını unutdurmaq baxımından Azərbaycan dövlətinin irəliyə atdığı böyük addımdır. “Ağıllı kənd” konsepsiyasının hazırlanması üçün infrastrukturun qurulması vacibdir. Zəngilanın kəndlərinin bu istiqamətdə bərpası innovativ hadisədir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağıllı-kənd   Zəngilan  





Xəbər lenti