İsrail “erməni soyqırımı”nı niyə tanımır: Tarixi səbəblər – TƏHLİL

  30 Aprel 2021    Oxunub : 11432
   İsrail “erməni soyqırımı”nı niyə tanımır: Tarixi səbəblər –    TƏHLİL
Amerikanın regiondakı əsas strateji tərəfdaşı hesab olunan İsrail dövləti qondarma erməni soyqırımı məsələsində heç vaxt ABŞ-la həmrəy mövqedən çıxış etməyib, ermənilərin bu istiqamətdəki bütün təşəbbüslərinin qarşısını alıb. Sonuncu dəfə 2018-ci ildə İsrail parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsi irəli sürülsə də, məsələ Knessetin müzakirəsinə belə çıxarılmamışdı. Uzun illər ABŞ prezidenti tərəfindən də ermənilərlə bağlı “soyqırımı” ifadəsinin istifadə olunmasına qarşı məhz yəhudi lobbi təşkilatları çıxırdılar.
Prezident Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsindən sonra rəsmi Təl-Əvivin mövqeyinin müəyyən qədər ermənilərin xeyrinə dəyişəcəyi gözlənilsə də, bu, baş vermədi. Hətta, İsrailin Xarici İşlər Nazirliyi Co Baydenin bəyanatından sonra məsələ dair xüsusi bəyanat yaymalı oldu ki, erməni “soyqırımı” iddialarına dair mövqeyinə Ağ Evin yeni rəhbərinin fikirlərinin heç bir təsir göstərmədiyini bir daha təsdiqləsin. “The Jerusalem Times” qəzetinin yaydığı məlumatda İsrailin Xarici İşlər Nazirliyinin “Erməni xalqının 20-ci əsrin əvvəllərində əzab və fəlakətlərə məruz qaldığını” tanıdığı bildirilsə də, Osmanlı düvründə baş vermiş bu hadisələr “soyqırımı” adlandırılmayıb.

İsrailin qondarma soyqırım məsələsində dəyişməz mövqeyinin Türkiyə ilə strateji tərəfdaşlıq və Azərbaycanla enerji sahəsində əməkdaşlıqla əlaqələndirilməsində həqiqət payı olsa da, əslində məsələnin kökünün ermənilərin yəhudilərə qarşı tarixi düşmənçiliklərilə bağlı olduğunu desək, yanılmarıq. Ermənilərdə olan anti-semitizmin dini və tarixi səbəbləri var və İsrail dövlətilə yanaşı, yəhudi icmasının xarici siyasi xəttində bu amillərin nəzərə alınması tamamilə labüddür.

Erməni cəmiyyətində anti-semitizim hələ Osmanlı dövründə mövcud olub və bunun ilkin səbəbi ermənilərin qatı xristian dindarlığı ilə bağlı idi. Xristian ermənilər İsa peyğəmbərin yəhudilər tərəfindən öldürüldüyünə və onların xristian ölkələrində öz dinlərini yaymağa çalışdıqlarına inanırlar. Məşhur amerikalı tarixçi Stenford Şou “Osmanlı İmperiyası və Türkiyə Respublikasının yəhudiləri” əsərində Osmanlı dövründə ermənilər arasında yəhudilər barədə “qan içmə” əfsanəsinə güclü inamın olması barədə məlumat verir. Xristian erməniləri inanırdılar ki, yəhudilər “Pesah” bayramında gənc ermənilərin qanlarından istifadə edirdilər. Bununla bağlı tarixə “Amasiya hadisəsi” kimi düşmüş olayda, erməni qadın öz övladının yəhudilər tərəfindən oğurlandığını iddia etmiş və hətta onların cəzalandırılmasına nail olmuşdu. Lakin sonrakı araşdırmalar bu iddiaların əsassız olduğunu sübuta yetirmişdi.

Erməni-yəhudi düşmənçiliyinin digər tarixi səbəbi isə Osmanlı dövründə sənətkarlıq və ticarət sahəsində dini zəmində birləşən ermənilərlə yunanların yəhudilərlə rəqabət aparmaları ilə bağlı idi. Görkəmli alim Sedat Laçınerin “Erməni-yəhudi anlaşmazlığı və İsrail-Türkiyə işbirliyinin Ermənistana təsiri” adlı məqaləsində qeyd olunur ki, bu rəqabətin nəticəsində yəhudilər erməni və yunanların hücumlarına məruz qalır, bir çox hallarda öldürülürdülər.

Osmanlı İmperiyası son iki yüz ilində Avropa dövlətlərinin hücumlarına məruz qalmışdı. İşğalçılar əsasən qeyri-xristian olan yəhudi və müsəlmanların əmlakları yağmalayırdılar. Bu hadisələr bir tərəfdən Osmanlı daxilindəki erməni-yunan qruplarını öz dindaşları olan avropalılarla əməkdaşlığa sövq etmiş, digər tərəfdən isə yəhudilərin təhlükəsizliyə görə Osmanlı dövlətinə sığınmasına səbəb olmuşdu.

Erməni-yəhudi gərginliyinin artması yəhudilərin müsəlmanlarla yaxınlaşması, ermənilərin isə Osmalıya qarşı xarici qüvvələrlə işbirliyinə daxil olmasına gətirib çıxardı. 1915-ci il ərəfəsində də ermənilər yəhudiləri dövlətin “casus”ları sayır və hətta hökümət tərəfindən ermənilərə qarşı həyata keçirilmiş cəza tədbirlərinin yəhudilərin təhrikilə baş verdiyini iddia edirdilər. Müasir dövrdə də müəyyən erməni dairələrində yəhudilərə qarşı bu tip iddialar səslənməkdədir.

Əslində, ermənilərlə ərəbləri yaxınlaşdıran əsas amil kimi də yəhudilərlə tarixi düşmənçiliklərini göstərmək olar. Osmanlının son dönəmində öz təhlükəsizliyi naminə dövlətlə həmrəy olan yəhudilər ölkə daxilində baş qaldırmış separatçı etnik hərəkat üzvləri tərəfindən düşmən kimi qəbul olunurdular. Xüsusilə ərəblərin sıx yaşadığı vilayətlərdə yəhudilər müxtəlif hücumlara məruz qalırdılar. Odur ki, müasir dövrdə Fələstin, yaxud İordaniyanın erməni təəssübkeşliyi heç də təəccüb doğurmamalıdır.

II Dünya Müharibəsi zamanı da ermənilər yəhudilərə qarşı tarixi düşmənçiliklərini davam etdirmiş və nasist Almaniyası ilə birgə yəhudi xalqına divan tutulmasında fəal iştirak etmişdilər. “II Dünya müharibəsi zamanı erməni-nasist əməkdaşlığı” adlı məqalədə müəllif Ayxan Özər müxtəlif arxiv məlumatlarına istinad edərək yazır ki, 30-cu illərin sonunda hakimiyyətə gələn Hitler ermənilərdəki anti-semit əhval-ruhiyyədən öz planları üçün istifadə etməyə başladı.
30 dekabr 1941-ci ildə nasist Almaniyası tərəfindən ermənilərdən ibarət “812-ci tabor” yaradılmış, sonradan bu taborun bazasında erməni əsilli alman Alfred Muradyan və Armik Camalyanın komandanlığı altında 20 min nəfərlik “Erməni legionu” formalaşdırılmışdı. “Erməni legionu”nun əsas vəzifəsi nasit Almaniyası tərəfindən işğal edilmiş ərazilərdə daxili təhlükəsizliyin təmin olunması, həmiçinin, yəhudilər və digər “arzuolunmaz elementlər”in ölüm düşərgələrinə toplanmasının həyata keçirilməsi idi. Ermənilərin yahudilərə qarşı qətliamlarda iştirakının əksinə olaraq, II Dünya müharibəsində neytral qalan Türkiyə dövləti öz yəhudi vətəndaşlarının xilas olması üçün ciddi səylər göstərirdi.

Ermənistanda yaşayan bütün qeyri-millətlərə qarşı olduğu kimi, yəhudilərə qarşı da deportasiya siyasəti həyata keçirilmiş və keçən əsrin 70-ci illərdən etibarən 5 minə yaxın dağ yəhudisi ailəsi oranı tərk etmişdir. Müasir Ermənistanda qalan yəhudilərin sayı təxminən 500 nəfərə yaxındır.

Yerləşdiyi regionda qonşu ərəb ölkələri və İranla münasibətlərinin gərgin olması İsrailin enerji tələbatlarını ödəmək üçün əlavə mənbələr axtarmağa sövq edir. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq isə yəhudilərin Xəzər hövzəsinin enerji resurslarına çıxışını təmin edir ki, bu da İsrailin enerji təhlükəsizliyini təminatında əsas rol oynayır. Həm də bu səbəbdən regionda Türkiyə və Azərbaycan ilə əməkdaşlıq Ermənistanla həmrəylik nümayiş etdirməkdən daha sərfəlidir.

Tofiq Vahid
Azvision.az

Müəllifin digər yazıları:

“Soyqırım” geostrategiyası: ABŞ-ın məqsədi nədir? – TƏHLİL
Zəngəzura necə qayıdacağıq – TƏHLİL
Ukrayna ətrafında mürəkkəb oyun: Azərbaycan nə etməlidir – TƏHLİL


Teqlər: Erməni-soyqırımı   İsrail