Baş Prokurorluqdan Dürdanə Əliyeva ilə bağlı yeni açıqlama

 Baş Prokurorluqdan Dürdanə Əliyeva ilə bağlı  yeni açıqlama
  30 Aprel 2021    Oxunub:2767
Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, Universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

"Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır. Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   BSU  





Xəbər lenti