“İnsanın ağlına belə gəlmədiyi sınaqlardan çıxmışıq” - XTQ qazisi

 “İnsanın ağlına belə gəlmədiyi sınaqlardan çıxmışıq” -  XTQ qazisi
  30 Aprel 2021    Oxunub:18722
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasının 22 ili tamam olur. Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin 30 aprel tarixində qurulan XTQ 44 günlük Vətən Müharibəsində düşməni darmadağın edərək qəhrəmanlıq səlnaməsi yazdı. Azərbaycan xalqı xüsusi təyinatlıların timsalında qəhrəman oğullarını tanıdı.
XTQ-nin fəaliyyəti barədə Azvision.az -a danışan Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev bildirib ki, düşmən xüsusi təyinatlıların gücünü hələ Aprel döyüşlərindən öncə görüb.

- Natiq bəy, istərdim ilk növbədə XTQ-yə gəlişinizdən danışasınız.

- 2006-cı ildə Salyanda N saylı hərbi hissədə xidmət edirdim. O zaman XTQ-yə seçim ediləndə əsgər kimi mən də seçildim. Orada 6 aylıq kursu keçəndən sonra xidmətə başladım. Aprel döyüşlərinə kimi XTQ-nin fəaliyyəti tam məxfi saxlanılırdı. XTQ-nin fəaliyyəti barədə çox az adam bilirdi. Aprel döyüşlərindən sonra xüsusi təyinatlılar tanındı. Aprel döyüşlərinə qədər xüsusi təyinatlılar həyata keçirdiyi məxfi tapşırıqlarla Ermənistana özlərini tanıtmışdılar. Ermənistan Müdafiə Nazirliyi hansı gücə malik olduğumuzu bilirdi. Mən 2015-ci ilin aprel ayının 21-dən 22-nə keçən gecə Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralandım. Sol ayağımı və gözümün birini itirdim. Gözümdə görmə qabiliyyəti çox zəifdir. Aprel döyüşlərinə qədər xüsusi təyinatlıların çox uğurlu tapşırıqları olub. Bunun müqabilində neçə qazimiz, şəhidlərimiz olmuşdu. Bu sirr idi, ictimaiyyətə məlumat verilmirdi. Xüsusi təyinatlı olaraq biz məxfilik missiyasını qoruyurduq. Aprel döyüşlərindən sonra bizim apardığımız əməliyyatlar barədə insanlar məlumat əldə etdilər. Vətən Müharibəsində xalqımız XTQ-nin elit qüvvəsinin nələrə qadir olduğunu gördü. Əlbəttə, düşəm bizim XTQ-nin nələrə qadir olduğunu bilirdi.



- XTQ düşmənin qorxulu yuxusuna çevrilib...

- Bəli, doğrudur. Döyüş tapşırıqlarını yerinə yetirən zaman dəfələrlə şahidi olmuşam ki, düşmən əsgərləri “Yaşma”nın döyüşçülərindən necə qorxurlar. Onların danışıqlarına qulaq asmışam, yaxınlığında olmuşuq, görmüşəm ki, XTQ-dən necə çəkinirlər. “Yaşma” deyirlər, başqa şey demirlər. Vətən Müharibəsində çəkilən kadrlarda da görmüşəm, ermənilər deyirlər ki, bizi XTQ bu günə qoydu, "Yaşma"ya uduzduq.



- Murov döyüşləri, Şuşanın alınması, ümumiyyətlə, hər bir rayonumuzun işğaldan azad edilməsində xüsusi təyinatlıların böyük zəhməti var.

- Forma geyinən hər kəs, əsgərindən tutmuş generalına qədər bizim başımızın tacıdır. Amma reallığı desək, XTQ tamam başqa qoşun növüdür. Onlar seçilmiş insanlardır. Təlimdə tər tökən döyüşdə qan tökər deyirlər. Biz bu təlimlərin ən ağırını görmüşük. Mümkünsüz olanları etmişik. İnsanın ağlına belə gəlmədiyi təlimlərdən, sınaqlardan çıxmışıq. Belə təlimlərin nəticəsi olaraq Şuşa işğaldan azad olundu. XTQ Şuşada düşməni süngi, bıçaqla məhv etdi. Bunu ermənilər də etiraf edirlər. XTQ bizim üçün qürur mənbəyimizdir. Bu, təlimdə tər, döyüşdə qan şüarının sübutudur. Bizim vuran biləyimiz, əlimiz var. Mən həmişə deyirəm ki, bir ordunun bir milyonluq silahı ola bilər. Məsələn, bu döyüşlərdə ermənilərin neçə ədəd S-300 lərini vurduq. Çünki onlarda onu istifadə edəcək ürək yoxdur. O ürək yoxdursa, texnika sadəcə dəmir parçasıdır. Biz Şuşanı dəmir parçası ilə yox, dəmir biləklə, yumruqla aldıq.



Qeyd edək ki, 2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: XTQ   Qazi  





Xəbər lenti