ADNA-da yarımçıq qalan arzular: “Ən çox güllə ona dəymişdi” - FOTOLAR

  ADNA-da yarımçıq qalan arzular:  “Ən çox güllə ona dəymişdi” -  FOTOLAR
  30 Aprel 2021    Oxunub:27350
12 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terrorun qurbanlarından biri Savalan Cabbarov olub. Akademiyanın IV kurs tələbəsi olmuş Savalan 2009-cu ilin bu günü bakalavr imtahanı vermək üçün sonuncu dəfə evdən çıxıb. Növbəti gün magistraturaya qəbul imtahan verəcəkdi. Lakin terrorçu Fərda Qədirov onun həyatına son qoydu...
Bacısı Nərminə Cabbarovanın zəngindən sonra imtahan otağından çıxan Savalan 5-ci mərtəbədə terrorçu ilə rastlaşıb, onu zərərsizləşdirmək üçün əlbəyaxa olub. Terrorçu Savalandan xilas olmaq üçün onun çiyninə bir dəfə atəş açıb. Daha bir güllə Savalanın ayağına dəyib. Sonra terrorçu müvazinətini itirən Savalanın üz nahiyəsinə 3 güllə vurub. Onu xəstəxanaya aparmağa çalışsalar da, yolda dünyasını dəyişib. Savalanın arxasınca çıxan iki qrup yoldaşı, ən yaxın dostları Ayaz Bağırov və Taleh Məmmədov da Fərda Qədirovun hədəfinə tuş gələrək həyatlarını itiriblər.



Savalanın anası Kəmalə Cabbarova 12 il əvvəl baş vermiş ADNA faciə barədə Azvision.az -a danışıb. Bu gün oğlunun məzarını ziyarət edən K.Cabbarova dəhşətli hadisənin sanki dünən olmuş kimi xatırladığını söyləyib:

“O il getsin, bir də gəlməsin. Çox çətin idi. Hadisədən bir gün əvvəl oğlum işə görə BP-də imtihan verməyə getmişdi. Universitetdən onu istiqamətləndirmişdilər. Birinci imtahandan keçdi, sonra ikinci imtihana getdi. Evə axşam gec gəldi. Yemək yeyib-yemədiyini soruşdum, dedi “ana, orada fəhlələrlə birgə yemək yemişik”. Qrup yoldaşları onu axtarırdı. Aprelin 30-u bakalavr imtahanı idi, mayın 1-də isə magistr imtahanı olacaqdı. Uşaqlar harada imtahan verəcəklərini öyrənmişdilər, bircə Savalandan xəbərləri yox idi. Savalana dedim, o da kompüteri açdı, nəsə öyrənə bilmədi, qonşunun kompüterində də baxdı, öyrənə bilmədi. Dedi, “ana, mən çox yorulmuşam, yatıram, uşaqlardan kimsə zəng etsə, denən sonra danışarıq”. Səhər saat 5-də durub gördüm ki, Savalan dərs oxuyur, imtahana hazırlaşır. Sonra mən yatdım. Bir müddət sonra məni oyandırdı ki, “ana, dur, gedirəm”. Qapıdan çıxıb, 1-2 pilləkən düşdü, sonra geri qayıtdı, telefonu yadından çıxmışdı”.



Müsahibimiz 12 il keçsə də, oğlunun ayaq səslərini hələ də eşitdiyini deyir:

“Sonuncu günümüz gözümün önündə canlanır. Onun ayaq səslərini eşidirəm. Savalan getdi və bir daha geri qayıtmadı. Uşaqlarımın ikisi də eyni universitetdə oxuyurdu. Qızım birinci mərtəbədə dərsdə, Savalan isə imtahanda idi. Televizoru açmırdım, uşaqlara yemək hazırlayırdım ki, gələndə yesinlər. Qohumlarım zəng edib, soruşurdu. Amma həmin vaxtlar halım yaxşı deyildi, mənə hadisə barədə heç nə demirdilər. Qohumlardan biri uşaqları soruşdu, dərsdə olduğunu dedim. Dedi ki, onların universitetində xarici tələbələrlə yerli tələbələr arasında dava düşüb. Savalan çox sakit, heç kimlə işi olmayan, güləriz uşaq idi. Dedim, mənim oğlum dalaşmaz. Sonra uşaqlara zəng etdim. Savalan cavab vermədi, Nərminə cavab verdi. Dedi ki, “ana, burada qarışıqlıqdır, Savalanla danışmışam”. Nəsə dayanmadım, ora getdim.

Vəziyyət çox gərgin idi, heç kimi yaxın buraxmırdılar. Nə baş verdiyini bilmirdim. Yenidən evə qayıtdım. Qardaşım evə zəng edib dedi ki, “bacı, oğlunu gətirirəm”. Mən də elə bilirəm Savalan yaralanıb. Nə baş verdiyini Savalanı gətirəndə bildim. İnstitutda ən çox güllə mənim oğluma dəyib. Terorçu ilə əlbəyaxa dalaşıb, dostu və qrup yoldaşı Ayaz da onunla birgə olub. Oğluma ümumilikdə 7 güllə dəymişdi.

Qrup yoldaşları deyir ki, otaqda imtahanın başlamasını gözləyirdilər. Bir anda güllə səsləri eşidilib. Onlar, elə oğlum da inanmayıb ki, başqa nəsə hadisə olar. Öz aralarında danışıblar, görəsən, hansı müəllim qiymət verməyib, tələbə gəlib səs-küy salır. İçəridə oturub danışıb gülürlərmiş. Sonra qızım zəng edib ki, “Savalan çölə çıxma, burada adamları öldürürlər”. Sonra görüblər ki, səs yaxınlaşır. Savalan bacısına görə otaqdan çıxıb ki, birdən ona nəsə olar. Dəhlizdə terrorçu ilə rastlaşıb”.

Oğlu üçün çox darıxdığını deyən ana onun məzarından təsəlli aldığını bildirir:

“12 il ərzində mənim üçün heç nə dəyişməyib, bu gün də ürəyim oğlumu istəyir. Ömürdür də yaşayırıq. Tez-tez məzarını ziyarət edirəm, məsləhətləşirəm, sözümü deyirəm, amma cavab almıram. İstəyirdik ki, həkim olsun, özü bu sahəni seçdi, orada oxudu.

Oğlumun çox arzuları var idi, yeniliklər edəcək bir şəxs olacaqdı. Qırmızı diplomla universiteti bitirəcəkdi. Qiymət kitabçasına baxıram. Bir dənə də olsun “4” qiyməti yoxdur. Balamın arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 12 il ötür. 2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb. Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.





Aytən Zəhra
Azvision.az


Teqlər: ADNA   Teror  





Xəbər lenti