Xüsusi təyinatlı qazi: “İçimizdə qisas hissi alovlanırdı” - FOTOLAR

  01 May 2021    Oxunub : 10315
  Xüsusi təyinatlı qazi:  “İçimizdə qisas hissi alovlanırdı” -  FOTOLAR
Ötən gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 22 ili tamam oldu. İstər Aprel döyüşlərində, istərsə də Vətən Müharibəsində xüsusi təyinatlı döyüşçülər dövlətimizin və xalqımızın başını uca etməyi bacardılar. Onlar Qarabağın işğaldan azad edilməsində misilsiz xidmətlər göstərərək əsl qəhrəmanlıq nümayiş etdirdilər.
Azvision.az Vətən Müharibəsindəki döyüşləri ilə dünyanın hərb tarixinə düşən xüsusi təyinatlılarla bağlı müsahibələrini davam etdirir. Bu dəfə həmsöhbətimiz Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Eşqin Hüseynovdur.

- Eşqin bəy, necə oldu ki, xüsusi təyinatlı qüvvələrdə xidmət etməyə qərar verdiniz?

- Uşaqlıq illərim birinci Qarabağ müharibəsi dövrünə düşürdü. Hər bir ailənin qohumunda şəhid olurdu. Döyüşlər gedirdi. Hər zaman qisas hissi içimizdə alovlanırdı. Böyüdükcə bu hiss artırdı. Buna görə də qərara gəldim ki, hərbçi olum. Xocalı və digər ərazilərimizdə baş verən soyqırımlar uşaqlıqdan içimdə dərin yara buraxmışdı. Düşünürdüm ki, torpaqlarımızı düşməndən azad etməkdə ən azından mənim də payım ola bilər. Böyük qardaşım da XTQ-də xidmət edirdi. Öz növbəsində bu da təkan verdi.

2003-cü ildə XTQ-nin kurslarına seçimlər başlayanda sınaqdan keçirilən 200 nəfərdən biri mən idim. Həmin 200 nəfərdən 11 nəfər qəbul edildi. Mən XTQ-nin 6 aylıq kursunu uğurla başa vurdum. Elə həmin tarixdən XTQ-də xidmətə başladım. Qrupda kəşfiyyatçı- istehkamçı vəzifəsini yerinə yetirirdim. Müxtəlif döyüş tapşırıqlarını uğurla icra etmişik. 2009, 2011 və 2013-cü illərdə silahlı qüvvələrin keçirdiyi paradda iştirak etmişəm. 2015-ci ilin aprel ayında düşmən təxribatının qarşısını alarkən mina partlayışı nəticəsində sağ ayağımı itirdim və həmin müddətdən Silahlı Qüvvələrin sıralarından ayrıldım. Hazırda ehtiyatda olan XTQ qazisiyəm. Fəaliyyətimi başqa bir istiqamətdə davam etdirirəm.



- Xüsusi təyinatlı olmaq üçün ilk növbədə nə lazımdır?

- Xüsusi təyinatlı olmaq üçün sənin Vətən anlayışın, vətənpərvərlik hissin olmalıdır. Hər şey qisas hissində alovlanmalıdır. Burada məqsəd kursu keçib Vətənə şərəflə, uğurla xidmət etməkdir. Hərbi anda sadiq olmalısan. Son damla qanına kimi şərəflə döyüşüb şəhidlərimizin, əliyalın öldürülən ana-bacıların, tapdalanmış qeyrətimizin qisasını almalısan. Xüsusi təyinatlı qüvvələr bu hiss ilə yaşayırdılar. Bütün hazırlıqlarımız hər zaman bu yöndə idi. Vətən Müharibəsində onlar cəbhənin bütün istiqamətlərində, istər şimal, istərsə də cənub istiqamətində verilən döyüş tapşırıqlarının hamısını uğurla icra edirdilər.



- Vətən Müharibəsi günlərində silahdaşlarınızın qəhrəmanlıqlarına baxıb qürur hissi keçirirdinizmi?

-Əlbəttə. Ehtiyada olsaq da biz məhdud yararlı sayılırıq. Hər vəchlə can atırdıq ki, qoşun növümüzün yanında olaq. Qazi olaraq müraciət etdik, istədik bizim də payımız olsun. Komandanımız dedi ki, hələlik ehtiyac yoxdur, lazım olarsa, bizə xəbər edəcəklər, yetəri qədər gücümüz var. Bizə qismət olmadı, amma ordumuz sağ olsun, bu qələbəni bizə yaşatdı. Mən çox sevinirəm ki, bu zəfərdə XTQ-nin rolu böyükdür.



- Şuşa fatehləri olan silahdaşlarınızı ürəkdən qucaqlayıb, onlara təşəkkür etdinizmi?

- Şuşanı işğaldan azad edən, Şuşaya qədər döyüşən bir çox silahdaşlarımla görüşdüm, onları bağrıma basdım. Bunu tək mən yox, hər kəs etdi. Həmin istiqamətdə döyüşənlər arasında 10 ilə yaxın mənimlə birgə xidmət edən qəhrəmanlarımız da var. Şəhid olanların məzarlarını ziyarət edirəm, ailələri ilə görüşürəm. Mənəvi dəstək olmağa çalışırıq. Bu, bizim qürur yerimizdir. Vətən Müharibəsində xüsusi təyinatlı qüvvələrin rolunun nə qədər önəmli olduğunu hər kəs bilir. 22 il belə bir güc strukturunun yaranması üçün çox böyük vaxt deyil. Buna zaman lazımdır. Bir xüsusi təyinatlının yetişdirilməsi üçün illər tələb olunur. Şükürlər olsun ki, bu qüvvələr onların qarşısına qoyulan tapşırıqları başucalığı ilə yerinə yetirdilər. Mən ehtiyatda olsam da, bu qüruru yaşadım.







Şahanə Rəhimli
Azvision.az

Teqlər: XTQ   Qazi