Çavuşoğlu qırğız və tacik həmkarları ilə telefonla danışdı

   Çavuşoğlu qırğız və tacik həmkarları ilə telefonla danışdı
  01 May 2021    Oxunub:3566
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistandan olan həmkarları ilə telefon əlaqəsi saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik nazir Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışaraq bildirib ki, Türkiyə iki qonşu ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.

M.Çavuşoğlu ölkələr arasında imzalanan atəşkəs razılaşmasından Türkiyənin məmnun olduğunu ifadə edib.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan sərhədinə yaxın ərazilərdə yaşayan yerli sakinlər arasında qarşıdurma olub. Qarşıdurma sonda iki ölkənin hərbçiləri arasında atışmalara səbəb olub. Silahlı insident 6 saat davam edib. Hadisə nəticəsində 40-dan çox insan ölüb, 200-dən çox yaralı var.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması barədə razılığa gəliblər. Lakin ertəsi gün atəşkəs pozularaq döyüşlər bərpa edilib. Aprelin 30-da isə ikinci dəfə atəşkəslə bağlı razılıq əldə olunub.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti