Vaksinasiya prosesi necə gedir? - REPORTAJ (FOTOLAR)

Vaksinasiya prosesi necə gedir? -  REPORTAJ (FOTOLAR)
  03 May 2021    Oxunub:9877
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Rəsmi statistikaya əsasən, bu günədək ölkəmizdə 1 516 923 nəfər peyvənd olunub. Onlardan 975 208 nəfərinə birinci doz peyvənd vurulub. Vaksinasiya strategiyasına uyğun olaraq 40-yaşdan yuxarı şəxslər də peyvəndləmə prosesinə cəlb olunublar.
Vaksinasiya prosesinin gedişatı ilə tanış olmaq üçün Bakıdakı 1 saylı şəhər poliklinikasına baş çəkdik.

Əvvəlcə binanın girişində vətəndaşların hərarəti ölçülür, sonra onların içəri daxil olmasına icazə verilir. Peyvənd vurdurmaq üçün gələn sakinlər poliklinikanın birinci mərtəbəsində yerləşən qeydiyyat şöbəsinə yaxınlaşıb, müraciət edirlər. Qeydiyyata düşənlər əvvəlcə həkim müayinəsindən keçirlər. Onlarda hansısa xəstəliklərin olub-olmaması öyrənilir. Əgər vətəndaşda xəstəlik yoxdursa, təzyiqi ölçüldükdən sonra peyvənd otağına yönəldilir.



Poliklinikanın baş həkimi Kübra Cabbarova Azvision.az -a bildirib ki, bu günə qədər tibb ocağında 6538 nəfərə peyvənd vurulub.

“Poliklinikada aparılan vaksinasiya ilə yanaşı, evlərə də gedib xidmət etmişik. Ağır xəstələr, yataq xəstələri, əlillərə əsasən evdə peyvənd vurmuşuq. Çalışırıq ki, əhalinin çox hissəsini vaksinasiyaya cəlb edək və bu xəstəlikdən tezliklə qurtulaq. Biz öz sahəmizdə olan xəstələrimizi tanıyırıq. Onlara müraciət edib, maarifləndirmə aparırıq. Deyirik ki, “ağır xəstəsiniz, xroniki xəstəliyiniz var, sabah kimsə yoluxmuş şəxs sizə gəlsə, sizi də xəstələndirə bilər. Bunun qarşısını almaq və ya xəstəliyi yüngül keçirməyiniz üçün peyvənd vacibdir”. Biz maarifləndirmə tədbirləri görəndən sonra peyvəndə maraq artıb. Ona görə də Səbail rayonunda ən çox peyvənd olunan sakinlər bizdədir”.



K.Cabbarova indiyədək vaksin vurulan şəxslər arasında ağırlaşma halının olmadığını qeyd edib: “Bir pasiyentimiz qorxu keçirdiyi üçün halı pisləşmişdi. Narahat olduğundan və allergik reaksiyanın olmaması üçün ona vaxtında müdaxilə edildi, lazımı dərmanlar vuruldu. Sakitləşib, özünü yaxşı hiss edəndən sonra evə yola saldıq. Bundan başqa, heç bir pasiyentimizdə allergik reaksiya, yan təsirlər və ağırlaşma olmayıb”.



Baş həkim, həmçinin poliklinikada yerli vətəndaşlarla yanaşı, xarici ölkə vətəndaşlarının da peyvənd olunduğunu söyləyib:

“Onlar bizim ərazidə yaşayırlar. Bəziləri ailə qurub, xarici vətəndaşlığı qalır və yaşamaq hüququ olduğu üçün vaksin olunurlar. Məncə, insanların özlərini, əzizlərini, yaxınlarını qorumaq üçün vaksinasiya olunmaq mütləqdir. Bu xəstəlik elə bir bəladır ki, vaksinsiz xilas ola bilməyəcəyik”.

Bundan əlavə, baş həkim onlara müraciət edən şəxslərə Çin istehsalı “CoronaVac” vaksinlərinin vurulduğunu deyib.



Poliklinikaya II doz vaksin vurdurmaq üçün gələn 50 yaşlı banqladeşli Naznin Neeela bizimlə söhbətində özünü yaxşı hiss etdiyini bildirib:

“Uzun illərdir ki, Azərbaycanda yaşayıram. Koronavirus əleyhinə vaksinasiya olunmağı sağlamlığım üçün vacib hesab etdim. Birinci doz vaksini aprelin 1-də almışdım. İndi ikinci doz vaksin vuruldu. Özümü yaxşı hiss edirəm”.



Peyvəndin II dozunu vurduran 40 yaşlı Elxan Quliyev də vətəndaşlara müraciət edərək onları vaksinasiya prosesində aktiv olmağa çağırıb:

"Bizi əhatə edən şəxsləri və ölkə vətəndaşlarını qorumaq üçün vaksin olunmaq vacibdir. Özümü yaxşı hiss edirəm. İlk dozanı qəbul edəndə heç bir problem yaşanmadı, indi də yaxşıyam. İnsanlara tövsiyə edirəm ki, hər kəs gəlib peyvənd olunsun. Çünki biz təkcə özümüzə yox, yaxınlarımıza, valideynlərimizə görə də məsuliyyət daşıyırıq. Özümüzü qorusaq, ətrafdakılarımızı da qorumuş olarıq”.



Digər həmsöhbətimiz, hər iki doz peyvəndi vurduran 59 yaşlı Ziba Aslanova da vaksinasiyadan sonra özünü yaxşı hiss etdiyini vurğulayıb:

“İstər birinci doz vurulanda, istərsə də indi heç bir problem olmadı, özümü yaxşı hiss edirəm. Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram. Hamı peyvənd olunsa, tezliklə koronavirusdan qurtula bilərik. Yeganə çıxış yolumuz budur, aktiv olmalıyıq”.

















Aytən Zəhra
Foto: Anar Bayramlı

Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti