“Qısa müddətdə vaksinasiyanı başa çatdırmalıyıq” - Komitə sədri

 “Qısa müddətdə vaksinasiyanı başa çatdırmalıyıq” -  Komitə sədri
  05 May 2021    Oxunub:1634
Koronavirus pandemiyasının qarşısını almaq üçün bu gün dünyada ən effektiv vasitə vaksinasiya sayılır. Ona görə də zəngin dövlətlər peyvəndlərin böyük hissəsini aldılar ki, əhalinin vaksinasiyasını tez zamanda bitirib pandemiyadan çıxsınlar.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan vaksinlərin ədalətsiz bölgüsünə etirazını bildirib:

“Prezident İlham Əliyev dəfələrlə BMT və başqa tribunalardan vaksinlərin əlçatanlığının hamı üçün təmin olunmasını səsləndirib. Azərbaycanda ölkə başçısının rəhbərliyi altında bu istiqamətdə lazımi işlər vaxtında görüldü və Cənubi Qafqazda ilk vaksinasiyasını başlayan ölkə olduq. Bu gün artıq əhalimizin 17 faizi vaksinasiyadan keçib”.

Komitə sədri qeyd edib ki, “Sinovac” vaksini ilə yanaşı, “AstraZeneca” vaksinlərinin də ölkəyə gətirilməsi Azərbaycan dövlətinin imkanlarının göstəricisidir.

“Bizim geniş imkanlarımız, əlaqələrimiz və bu prosesə düzgün yanaşmamız var. Bu, Azərbaycan vətəndaşına dövlətin qayğısının ifadəsidir. Vaksinasiya prosesinə vətəndaşlar daha fəal qoşulmalıdırlar. Beləliklə, biz qısa müddətdə vaksinasiyanı başa çatdırmalıyıq.

Operativ Qərargaha müraciət etmək istərdim ki, daha çox vaksinasiya məntəqələri açsınlar və daha çox insanların vaksinasiyaya cəlb olunmasını təmin etsinlər. ABŞ-da bir aydan sonra karantini götürmək barədə fikirlər səsləndirirlər, çünki əhalinin 50 faizə yaxınını vaksinasiya ediblər. İsrail vaksinasiyanı demək olar ki, tam həcmdə həyata keçirib və karantindən yavaş-yavaş çıxır. Fikrimcə, yaya doğru bir çox Avropa dövlətləri də karantindən çıxacaq. Arzu edirəm ki, biz də bu sırada olaq”, - deyə komitə sədri vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti