Bakı–Quba–Rusiya yolunda yenidənqurma işləri aparılır

  08 May 2021    Oxunub :2031
Bakı–Quba–Rusiya yolunda yenidənqurma işləri aparılır
Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri görülür, yeni yol hissələri yaradılır. Bu məqsədlə ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.

Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq üçün yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır. Artıq sözügedən ərazinin zəruri hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür.

Ümumilikdə, qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasına imkan verəcək.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Azvision.az

Teqlər: Bakı–Quba–Rusiyayolu  






Xəbər lenti