Əfqanıstanın gələcəyi Azərbaycanı da maraqlandırır - ŞƏRH

  25 May 2021    Oxunub :642
 Əfqanıstanın gələcəyi Azərbaycanı da maraqlandırır -  ŞƏRH
Böyük ölkələrin son vaxtlar ən çox müzakirə etdiyi mövzulardan biri Əfqanıstandır. Çünki, ABŞ və NATO qoşunları Əfqanıstanı tərk etməyə hazırlaşırlar.

ABŞ Prezidenti Co Bayden elan edib ki, bu ilin 11 sentyabr tarixinə qədər ABŞ ordusu Əfqanıstandan çıxarılacaq. Bundan sonra Əfqanıstanda nələrin baş verəcəyi analiz edilir.
Məsələni Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Əfqanıstan mövzusuyla maraqlanan ölkələrin siyahısı genişdir. Çünki Əfqanıstandakı proseslərin ətrafa sıçraması ehtimalı yüksəkdir. Bu sıraya ABŞ və Avropa İttifaqından tutmuş, Rusiya, Mərkəzi Asiya, Çin və Hindistan kimi ölkələr də daxildir:

“Əfqanıstanın gələcəyi Azərbaycanı da maraqlandırır. Çünki, biz Əfqanıstanı Azərbaycana dost və qardaş dövlət sayırıq. Əfqanıstan müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdi. Azərbaycan hərbçiləri NATO qoşunları tərkibində Əfqanıstanda xidmət keçir, bu dövlətə maliyyə yardımı edir, əfqan rəsmiləri və diplomatları Bakıda keçirilən kurslarda iştirak edirlər. Azərbaycan, Mərkəzi Asiya ölkələriylə birgə Əfqanıstanı nəqliyyat layihələrinə də cəlb etməyə çalışır.

Rusiyanın Kazan şəhərində 21 may tarixində “Valday” diskussiya klubunun “Rusiya və Mərkəzi Asiya: yeni çağırışlarla üz-üzə” mövzusunda tədbir keçirildi. Tədbirdə əsas müzakirə olunan mövzu Əfqanıstan idi. Suallar isə bu idi: ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə və bölgədə hansı təhlükələr yarana bilər? Əfqanıstan vətəndaş müharibəsinə sürüklənə bilərmi?”



Politoloq deyir ki, Əfqanıstanda onsuz da hazırda toqquşmlar və terror aktları baş verir. ABŞ isə Əfqanıstana müdaxilə etdikdə “Taliban” hərəkatına son qoyacağını düşünürdü, amma alınmadı:

“Moskvada hesab edirlər ki, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədəki terror Mərkəzi Asiyaya inikas oluna bilər. Mərkəzi Asiya isə Rusiyanın xüsusi nəzarətindədir. Moskvada düşünürlər ki, ABŞ keçmiş SSRİ-nin səhvini təkrarlamağa yaxındır. SSRİ-nin o zamankı lideri Mixail Qorbaçov hərbi qüvvələri 1989-cü ildə geri çəkməyə qərar verdi. Nəticədə Əfqanıstanda vaxtilə Moskvanın dəstəyinə arxalanan Nəcibulla rejimi silahlı müxalifətə cəmi 3 il müqavimət göstərə bildi, Kabil ələ keçirildi, Nəcibullanın özünü isə asdılar. Yəni tarix təkrarlana bilər. ABŞ və NATO qüvvələri Kabili tərk etdikdən sonra Taliban və onun ətrafındakı terrorçu qruplar Əfqanıstan hakimiyyətini devirib yenidən bu ölkənin tamamını ələ keçirə bilərlər.

Taliban güclü olduğunu son illərdə sübut edib. Bunun nəticəsidir ki, ABŞ və Rusiya son illərdə Taliban hərəkatının təmsilçiləriylə dialoqa başladılar. Bəzi eskpertlər hesab edirlər ki, Taliban son illərdə dəyişib. Bu hərəkatın başında keçmiş illərdə olduğu kimi yalnız terrorçular dayanmır, qrupun rəhbərliyində dünyada və bölgədə baş verən hadisələrdən baş çıxaran, yeri gələndə danışıqlarda güzəşt edə biləcək fiqurlar da var. Vaşinqton Taliban hərəkatının müxtəlif ərəb ölkələrində təmsilçiləri uzun müddətdir danışıqlar aparır”.



Elxan Şahinoğlunun sözlərinə görə, proseslərlə əlaqədar Rusiya və Mərkəzi Asiya ölkələri narahatdırlar:

“Mərkəzi Asiya ölkələrindən Əfqanıstanla ən uzun sərhəddi olan Tacikistandır. Rusiyanın bu ölkədə həm hərbi bazası var, həm də sərhədçiləri yerləşib. Tacikistanla Əfqanıstan arasındakı sərhəddin uzunluğu 1300 kilometrdir. Sərhəd mürəkkəb dağ relyefləri ilə əhatə olunub. Rusiya prezidentinin Əfqanıstan məsələləriylə məşğul olan xüsusi nümayəndəsi var. Bunun özü o deməkdir ki, Moskva Əfqanıstanın gələcək taleyindən narahatdır. Çünki vətəndaş qarşıdurmasının və terrorun Mərkəzi Asiyaya, oradan isə Rusiyaya inikas olunması təhlükəsi var. Ona görə də Moskva vaxt itirmədən Tacikistanın silahlı qüvvələrinin gücləndirilməsiylə bağlı xüsusi proqram hazırlayıb.
Çin də Əfqanıstanla xüsusi olaraq maraqlanır. Çin diplomatları da eyni ilə ABŞ və Rusiya diplomatları kimi Taliban hərəkatının təmsilçiləriylə dialoq içindədirlər. Ancaq Pekinin marağı fərqlidir”.

Politoloqun fikrincə, Çin Taliban hərəkatıyla həm də ona görə təmaslarını genişləndirir ki, başqa ölkələrlə olduğu kimi Əfqanıstanla bağlı da yatırım planları var:

“Çin Mərkəzi Asiyada möhkəmlənib, indi növbə Əfqanıstanındır. Rəsmi Pekin Əfqanıstan üzərindən keçməsi planlaşdırılan nəqliyyat layihələrinə maraq göstərir. Görünür, Çin ABŞ-dan sonra Əfqanıstandakı boşluğu öz xeyrinə doldurmaq istəyir. ABŞ ekspertləri şübhələnirlər ki, Çin Taliban hərəkatıyla uzun illərdir təmasdadırlar, Pekinin məqsədlərindən biri bu hərəkatın ABŞ və NATO qüvvələri qarşısında müqavimət gücünü artırmaq olub. Çin Taliban hərəkatına ABŞ hərbçilərinə etdikləri hücumların sayı müqabilində maliyyə ayırıb. Bu işin içində Rusiya da var.

Beləliklə, ABŞ Əfqanıstanı tərk etməyə hazırlaşır. Ona görə Rusiya və Çin Taliban hərəkatıyla əlaqələrini genişləndiriblər. Bunun özü Talibana imkan yaradır ki, sentyabrdan sonra Kabildəki rejimi rahatlıqla devirsin. Rusiya və Çin Taliban hərəkatının Əfqanıstanın tamamını nəzarətə almasının əleyhinə deyillər. Sadəcə, Moskva ilə Pekinin marağı odur ki, Taliban ətraf ölkələrə problemlər yaratmasın və ABŞ-la NATO-nun əleyhinə siyasətini davam etdirsin. Rusiya və Çin Taliban hərəkatının simasında özlərinə yeni müttəfiq qazanırlar”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Əfqanıstan   Taliban   ABŞ   Rusiya