Hansı qadağalar ləğv olunur? - Bugünkü qərarların İZAHI

 Hansı qadağalar ləğv olunur? -  Bugünkü qərarların İZAHI
  25 May 2021    Oxunub:3925
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib.
Azvision.az xəbər verir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak ediblər.

Brifinqdə ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan bəzi məhdudiyyətlərin ləğv edilməsi barədə qərar açıqlanıb.

Belə ki, aprel ayının ortalarından etibarən ölkəmizdə yoluxma halının 10 faizdən aşağı düşdüyünü deyən Yaqut Qarayeva son günlərdə bu rəqəmin 3-5 faizə qədər endiyini bildirib. Onun sözlərinə görə, statistik göstəricilərdə ciddi dəyişiklik qeydə alınmır. Yenə də qadınlar arasında yoluxma kişilərə nisbətən çoxdur.

Daha sonra çıxış edən Şahmar Mövsümov hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyətin, gündəlik yoluxmaların sabitləşdiyini, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayının azaldığını bildirib. O, həmçinin bəyan edib ki, mayın 31-dən başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.

Bundan başqa, Prezidentin köməkçisi qeyd edib ki, mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti də bərpa olunacaq. Metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq. Eyni zamanda, mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş qadağa da götürüləcək. .

İyunun 10-dan maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq. Şahmar Mövsümov iyunun 10-dan iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunacağını da bəyan edib.

Bundan əlavə, Prezidentin köməkçisi deyib ki, həmin tarixdən çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə də icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

Operativ Qərarganın bugünkü qərarı:

- Mayın 31-dən başlayaraq açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.
- Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa edilir
- Mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
- İyunun 10-dan idman zalları açılır
- İyunun 10-dan məscidlərin fəaliyyəti bərpa olunur
- İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur
- İyunun 10-dan etibarən çimərliklər açılır


Tural Tağıyev
Azvision.az


Teqlər: Qərargah   Brifinq  





Xəbər lenti