“Prezidentdən xahiş etdim ki, evin bərpasında biz də iştirak edək” - Tahir İmanov

“Prezidentdən xahiş etdim ki, evin bərpasında biz də iştirak edək” -  Tahir İmanov
  25 May 2021    Oxunub:3194
“Babamın evinin tikilməsində iştirak etmək istəyirəm. Qoy Şuşanın yenidən qurulmasında bizim də payımız olsun”.
Bunu Azvision.az -a Əməkdar artist Tahir İmanov Şuşaya səfərindən və Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsindən danışarkən deyib.

- Tahir bəy, işğaldan öncə sonuncu dəfə Şuşada nə vaxt olmuşdunuz?

- Sonuncu dəfə Şuşada olanda artıq münaqişə başlamışdı. Hətta Xankəndinə çatanda atam o ərazini çox böyük nigaranlıqla keçirdi. Ermənilərin separatçı çıxışları, mitinqləri olurdu. Biz ora gələndə başa düşdük ki, axrıncı səfərimizdir. O zaman mənim 15, Cabirin 14 yaşı var idi. Böyüklər deyirdi ki, belə getsə, helikopterlə gedib gələcəklər. Belə də oldu. Şuşaya gediş-gəliş Ağdamdan helikopter vasitəsi ilə baş tutdu.

Münaqişəyə qədər hər il gedib orada qalırdıq. Babam Süleyman Ələsgərovun Şuşaya bağlılığı hamıdan çox idi. Hətta bu bağlılıq o yerə gətirib çıxarmışdı ki, Bakıda ona dövlətimiz ev tikməsi üçün torpaq sahəsi bağışlayanda ondan imtina etmişdi. Demişdi ki, mənim Şuşada bağım və evim var. Bu bağlılıq ondan övladlarına və nəvələrinə keçmişdi. İşğaldan sonra həyatımızın mənasını Şuşanın, Qarabağın azad olunmasında görürdük. Bu bizə yaşamaq üçün böyük bir stimul idi. Həm Süleyman Ələsgərov, həm də biz nəvələri hər dəfə hansısa tədbirdə çıxış edəndə arzu edərdik ki, belə bir tədbir Şuşada, Cıdır düzündə keçirilsin. Və bizim arzumuz, dualarımız qəbul olundu. Xoşbəxt adamıq ki, bu günü gördük. Azad Şuşanı, Qarabağı gördük. Neçə nəsil bu dünyanı Qarabağ arzusu ilə tərk etdi. Artıq hər yerdə başımız uca gəzirik.



- Şuşa azad ediləndən sonra şəhərə ilk gedişiniz idi?

- Mən bundan əvvəl də, dekabr ayında orada olmuşam. Ağlamışam, kövrəlmişəm. Hamı təəccüblənirdi ki, nə gözəl şəhərdir. Mən isə o gözəlliyə öyrəşmişəm, gözümü açıb o gözəlliyi görmüşəm. Həmin gözəl, möhtəşəm bir Şuşa idi.

Şuşaya gedən yolu gözübağlı tapa bilərəm.Oynadığımız təpələr, gizləndiyimiz dalanlar da yadımızdadır. Hər şey öz yerində qalıb, sadəcə dağılıb. Amma inanırıq ki, düzələcək.

- Şuşada olarkən keçmiş günlərdən hansı xatirələr gözünüz önündə canlandı?

- Bizim qapılar hamının üzünə açıq olub. Hətta elə olurdu ki, hansısa tanınmış adam, ictimai xadim, siyasətçi Şuşaya gəlib Süleyman Ələsgərova xəbər etmirdisə, babam özü onu axtarıb tapırdı, evinə dəvət edirdi. Bizim evimizdə hər gün qonaqlıq olurdu.

İndi bizim, Üzeyir Hacıbəylinin və Xan Şuşinskinin evinin aqibəti eyni vəziyyətdədir. Divarların qalıqları qalıb. Çox istərdim ki, bəzi nüanslar qalsın. Mən bu səbədən cənab Prezidentlə görüşəndə xahiş etdim ki, Süleyman Ələsgərovun evinin bərpasında biz də iştirak edək. Səhərə kimi işləməyə, sement qarışdırmağa, zibil təmizləməyə, orada torpağın üstündə gecələməyə hazıram. O yurdun bərpasında kiçik də olsa rolumuz olsun.



- "Xarıbülbül" festivalını necə dəyərləndirdiniz?

- Mənim üçün böyük şərəf idi ki, festivalı izləməyə dəvət etdilər. Tək bizi yox, Süleyman Ələsgərovun böyük oğlu Azər Ələsgərovu da dəvət etmişdilər. O, səhhəti ilə əlaqədar gedə bilmədi. Festival bitəndə təsadüfən cənab Prezidentlə görüşdük. O, mənə çox təsiredici söz dedi. Özümü çətinliklə saxladım. Dedi ki, "həmişə vətənində, Tahir”. Belə şəxsiyyətdən o sözü eşitmək adama çox xoş oldu. Çox sevindim.



Festivalda Süleyman Ələsgərovun əsərinin səslənməsini çox istəyərdim. Bu bizim arzumuz idi. “Xarıbülbül” festivalı Azərbaycan musiqi tarixində böyük bir tədbir idi. Qısa zamanda orada belə bir tədbiri keçirmək, qonaqları gətirmək böyük iş tələb edir. Bu tədbir xalqımızın, ölkə rəhbərliyimizin böyük qələbəsidir. Festival həm də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm bir tədbirdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tahirİmanov  





Xəbər lenti