“İrəvanın sülhdən başqa yolu yoxdur” - Politoloq şərhi

  25 May 2021    Oxunub :466
 “İrəvanın sülhdən başqa yolu yoxdur” -  Politoloq şərhi
“Ermənilər arasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olmayanlar az deyil. Amma bütövlükdə regiondakı durumu, ölkədəki məsələləri geniş şəkildə analiz etsək, belə qənaətə gəlmək olar ki, İrəvanın müqaviləni bağlamaqdan başqa yolu yoxdur”
Bunu Azvision.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri tez bir zamanda müsbət dəyərləndirilməlidir. Bakı ilə barışıq aktını, tarixi sülh müqaviləsini bağlamasalar, Ermənistan bataqlıqda çabalamağa davam edəcək:

“Sülhə razılaşmasalar müharibədə ağır şəkildə məğlub olmuş bir dövlət, xalq olaraq nəyə nail olacaqlar? Hər ölkənin təhlükəsizliyinin bir nömrəli qarantı onun ordusu sayılır. Ermənistanda demək olar ki, ordu qalmayıb. Azərbaycan ötən il uğurlu hərbi əməliyyatlar keçirərək nəinki torpaqları azad etdi, erməni işğalçı qüvvələrin darmadağın etdi. Hələ də onların ordusunda döyüş qabiliyyəti bərpa olunmur, generalından tutmuş sıravi əsgərinə qədər sözün həqiqi mənasında sındırılıb. Ölkə isə, ümumilikdə ağır sosial-iqtisadi problemlər məngənəsində sıxılır. Xaricdə yaşayan erməni iş adamları, lobbi, ümumilikdə güclü diaspor bu ölkəni ayaqda saxlamasa, bəzi dövlətlər humanitar yardım göstərməsə, Ermənistan acından ölər. Ona görə də, məsələyə hansı aspektdən baxsaq, İrəvanın çıxış yolunun qalmadığını görərik. Yaxın vaxtlarda sülh müqaviləsinin bağlanması bu ölkəyə nəfəslik açmaq anlamına gələcək. Həm sosial-iqtisadi, həm siyasi cəhətdən dövlətin güclənməsi baxımından böyük barışıq sazişinə ehtiyac var. Bir sözlə, İrəvanın Bakı ilə sülhə, normal qonşuluq münasibətlərinə razılaşıb Ankarayla da münasibətləri səhmana salmaqdan başqa yolu qalmayıb”.

Politoloqun sözlərinə görə, böyük sülh müqaviləsindən danışıldıqda unutmamalıyıq ki, bu təşəbbüs əsasən Azərbaycandan gəlir. Yəni nə ikinci bir dövlət buna can atır, nə hansısa beynəlxalq təşkilat, nə də ki, Ermənistandakı loyal qüvvələr:

“Azərbaycan sülhə hazırdı, bunu dəfələrlə bəyan etmişik. Hazırda əsas məsələ erməni siyasi liderlərin verəcəyi qərarlardan asılıdır. Digər bir tərəfdən, son ayların ən çox müzakirə olunan məsələsi - Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması da gündəmdədir. Layihə reallaşsa, bu da sülhü xeyli yaxınlaşdıracaq. Mehri dəmir yolu bərpa olunmalıdır və zənnimcə olunacaq da. İrəvanın başqa yolu qalmayıb. Təsəvvür edin ki, bu dəmir yolu vasitəsilə ermənilər rahat şəkildə dünyaya çıxacaqlar, iqtisadi imkanlarını, ticari əlaqələrini genişləndirəcəklər. Amma hələ də loru dildə desək, bizə naz-qəmzə edirlər. Əslində biz həm sülh təklifi ilə, həm də Zəngəzur layihəsi ilə bu ölkənin Avropa və Asiyaya açılan dar pəncərəsini xeyli genişləndiririk. Erməni siyasi rəhbərlərin sevdikləri İrana da geniş qapıları olacaq. Bir sözlə, sülh olacaqsa, bu sadaladığım geniş imkanlar yaranacaq. Yox, əgər əvvəlki tək düşmən mövqe qalacaqlarsa, blokadada çabalayaraq canlarını tapşıracaqlar”.

Qabil Hüseynli onu da vurğulayıb ki, Azərbaycanın surətlə inkişaf etməsi, yeni, 21-ci əsrin ordusunu qurması və gücləndirməsi göz önündədir. Ona görə də, qarşı tərəf hansı dövlətlə düşmənçiliyə davam edəcəklərini gərək ölçüb-biçələr:

“Biz sülh deyirik, İrəvandakı bir sıra dairələr isə revanş, torpaq iddiası, Üçüncü Qarabağ müharibəsi bəyan edirlər. Əslində mənim yeni müharibənin başlanmasına ehtimalım çox zəifdir. Amma qarşıdakı illərdə və ya on il sonra nasistlər, işğalçı qüvvələr toparlanıb yenidən qanuni və tarixi torpaqlarımıza hücum etsələr və ya hansısa ciddi təxribatlara yol versələr, o zaman mənfur qonşuları əməlli başlı yerlərində oturdacağıq. Bu dəfə qanlarının arasına rus sülhməramlıları girdi. Ancaq revanşist meyllərin heç bir perspektivi olmayacaq, yeni müharibə Ermənistan üçün dəhşətli nəticələrlə sonlana bilər. Türkiyə artıq bizim regionda möhkəmlənib, Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevrilib. Ərdoğan da Şuşaya, Qarabağa olan diqqətini, sevgisini tez-tez bəyan edir, hətta onun bölgəyə səfərinin baş tutacağı da bildirilir. Bütün bunları ona görə izah etdim ki, Ermənistanı bundan sonra hansısa böyük qüvvələr aşkar müdafiə etsələr belə, onların Qafqazda dinc şəkildə yaşamaqdan başqa çıxış yolları qalmayıb. Dinc yaşamaq üçün böyük sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə tanınmalıdır. Diplomatik əlaqələr qurulmalı, bir daha bizim ərazilərimizdə separatçı qüvvələrə dəstək nümayiş etdirilməməlidir. Zatən Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və bundan sonra İrəvan onları belə qəbul etməlidir. Rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanıyır, bunu indidən aşkar şəkildə bəyan edirik, onlar da yaxın qonşuluq münasibətlərinin bərqərar olunması üçün jestlər etməlidirlər. Kin-küdurət də tədricən aradan qalxmalıdır. Baxmayaraq ki, bu xalqın içində inanılmaz dərəcədə beyni yuyulmuş, nasist düşüncəli insanlar çoxdur, amma yuxarıda qeyd etdiyim kimi başqa yol yoxdur, sülh və ancaq sülh!

Ermənistan əgər bir dövlət kimi mövcud olmaq istəyirsə, məlum sənədə qol qoymalıdır. Şəxsən mənim sülhə ümidim var”.

Politoloq qarşıdakı seçkilərin sülh müqaviləsinə təsir edəcəyini düşünür. O, hesab edir ki, Ermənistanda Paşinyandan başqa kimsə hakimiyyətə gələcəksə, həmin şəxs millətçi olacaq:

“Özü də həmin şəxslər azğın şovinist, qatı millətçi, faşizmə meylli rəhbər kimi önə çıxacaqlar. Belə olan təqdirdə qarşı tərəflə dil tapmaq çox çətin olacaq. Sadə ermənilərin içərisində bunu anlayanlar çoxdur. Ona görə də xalqın böyük qismi yenidən əvvəlki baş nazirin hakimiyyətdə qalmasını istəyir. Əgər seçkiyə hiylə qatılmasa, şəffaf keçirilsə, məncə Paşinyanın partiyası qələbə qazanacaq. Onun dövründə isə haqqında söz açdığımız sülh müqaviləsi imzalana bilər, digər regional layihələr asan şəkildə reallaşar. Hazırda Gümrüdən Qarsa saz vəziyyətdə olan dəmir yolu var. Paşinyan ölkəsini Türkiyə vasitəsilə Avropaya daşıya bilər. Dünənə qədər blokadadayıq, deyib bağıran bu xalqın Naxçıvan vasitəsilə İrana rahat çıxışı təmin ediləcək. Paşinyan onu da yaxşı anlayır ki, Rusiyaya açılacaq yeni dəmir yolu hansı iqtisadi imkanlar gətirəcək. Bir sözlə, regionda yeni situasiya yaranıb, İran, Rusiya, Türkiyə və Ermənistanı şəbəkə şəklində birləşdirən Azərbaycan ərazisi, yeni layihələr böyük imkanlar vəd edir. Əgər bu perspektivləri, yeni situasiyanı pozsalar demək kimlərsə, bu xalqları sevmir, dövlətlərin dirçəlməsini geniş əməkdaşlıqların qurulmasını istəmir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Sülh   Qabil-Hüseynli   Zəngəzur   İrəvan   Azərbaycan