Gözlədiyimiz yumşalmalar gəldi: Bundan sonra nə etməliyik?

  26 May 2021    Oxunub :1131
 Gözlədiyimiz yumşalmalar gəldi:  Bundan sonra nə etməliyik?
Son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Ötən günün rəsmi statistikasına əsasən, ölkədə 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib. Ötən sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9825 test aparılıb.
Test saylarının yüksək olduğu dönəmdə yoluxmaların azalması dövlət tərəfindən bu istiqamətdə aparılan tədbirlərin effektiv nəticə göstərməsindən xəbər verir. Operativ Qərargahın mayın 24-də keçirilən brifinqində qeyd edildiyi kimi, ölkədə koronavirusa yoluxma sayı aprel ayının ortasından başlayaraq 10 faizdən aşağı düşüb və hətta son günlərdə bu rəqəm 3 faizə qədər enib.

“Qadınlar arasında kişilərə nisbətən yoluxma çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişiklik olmayıb. Ən çox yoluxma sosial aktiv olan 30-69 yaş arasında insanlarda aşkarlanıb. Yoluxma ən çox Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb. Rayonlarda statistika yaxşıdır və müsbət dinamika var. Bakı şəhərində ən çox yoluxma Binəqədi və Xətai rayonundadır”, - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

COVİD-lə nümunəvi mübarizə

Azərbaycandan fərqli olaraq, bu gün dünyanın əksər ölkələrində gündəlik yoluxma və ölüm sayları hələ də yüksək olaraq qalır, bu səbəbdən sərt karantin rejimi tətbiq edilir. Buna nümunə olaraq qeyd edə bilərik ki, Hindistan, Braziliya, Fransa, Rusiya kimi ölkələrdə COVİD təhlükəsi səngimək bilmir. Məhz belə şəraitdə Azərbaycan pandemiya ilə mübarizədə digər ölkələr üçün nümunə sayılan uğurlu nəticələr əldə edib.

"Bildiyiniz kimi, 2020-ci ildə başlamış pandemiya hələ də davam edir. Bir çox ölkələr müxtəlif dalğalardan keçir və xəstələrin sayı dünyada hələ də artmaqda davam edir. Bu gün bir neçə ölkə hətta tam qapanma – lokdaun şəraitində yaşayır. Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxmalar demək olar ki, sabitləşib" - Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın dünənki brifinqində bildirib.

Qeyd edək ki, bir ildən artıq vaxt ərzində yoluxma göstəricilərinin 6 minə, ölüm sayının 40-a qədər yüksəlməsinə şahidlik etmişik. Bu dönəmdə bir neçə dəfə sərt karantin rejimi tətbiq edildi ki, bunun effektiv nəticəsi yumlaşmalara gedilməsinə zəmin yaratdı. Bundan əlavə, dünyada yoluxma göstəricilərinin sürətlə çoxaldığı məqamda ölkəmizə vaksinin gətirilməsi də COVİD-lə mübarizədə mühüm rol oynadı. Bildiyimiz kimi, Azərbaycanda bu ilin yanvar ayının 18-dən vaksinasiya prosesinə start verildi və bu günə qədər 2 milyondan çox şəxs peyvənd olunub. Digər tərəfdən, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı da kifayət qədər çoxdur - 862 740 nəfər. Eyni zamanda, pandemiya dönəmində ümumilikdə 300 mindən çox insan koronavirusdan sağalıb. Əlbəttə, bütün bunlar vaxtında görülmüş düzgün mübarizə tədbirlərinin nəticəsidir.

Bu gün dünyada bəzi ölkələr hələ də peyvənd əldə edə bilmədiyi halda, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı mövcuddur, habelə insanlar üçün geniş vaksin seçimi imkanları yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Hazırda ölkəmizdə Çin istehsalı “CoronaVac”, İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria”, Rusiya istehsalı “Sputnik V” vaksinləri istifadə edilir.

Vətəndaşlarımız könüllü şəkildə hansı vaksini istəyirlərsə, seçim edib vurdura bilərlər. Eyni zamanda, yaxın zamanlarda Azərbaycana Bionetech/Pfizer vaksini də gətiriləcək. Beləliklə, Azərbaycanda COVID-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, qabaqcıl dövlətlərlə eyni vaxtda vaksinasiya prosesinə başlanması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradıb. Həmçinin vətəndaşların bu işdə məsuliyyətli olması, qaydalara əməl etməsi də öz təsirini göstərən amillərdir.

Yumşalmalar arxayınlıq yaratmamalıdır!

Uğurlu tədbirlər və yoluxmaların azalması fonunda artıq ölkədə mayın 31-dən bir sıra yumşalamalara gediləcək. Belə ki, açıq havada maska taxmaq qadağası ləğv edilir, metronun və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur. Bundan əlavə, idman zalları və çimərliklər, məscidlər, iri ticarət mərkəzləri də açılacaq.

Bu xüsusda bir məqamı nəzərə almalıyıq ki, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin ləğvi o anlama gəlməməlidir ki, pandemiya artıq başa çatıb. Yumşalmalar qətiyyən vətəndaşlarda arxayınlıq yaratmamalıdır. Bundan öncə olduğu kimi ölümcül virusla mübariz tədbirlərinin davam etdiyini unutmamalıyıq. Hamı təhlükəsizlik tədbirlərinə riayət etməli, ümumilikdə vətəndaş məsuliyyəti daha güclü olmalı və hər bir vətəndaş ümumi işə öz töhfəsini verməlidir. Əks təqdirdə biz istəməsək də, yenidən koronavirusa yoluxanların sayında artım olacaq. Çünki bu gün koronavirusa yoluxmayan və peyvənd olunmayan insanlar da az deyil. Yoluxmaların yenidən artması xəstəxanalarda, reanimasiyalarda yerlərin dolmasına, həkimlərin yüklənməsinə, ağır xəstələrin çoxalmasına və nəticədə ölüm hallarının artmasına gətirib çıxaracaq. Əlbəttə, bu cür xoşagəlməz mənzərəni bir daha yaşamaq istəməzdik. Bunun baş verməməsi üçün hamılıqla qızıl qaydalara riayət etməliyik. Qapalı məkanlarda və insanların sıx toplaşdığı yerlərdə maskadan düzgün istifadə olunmalı, ara məsafəsi gözlənilməli və gigiyenik qaydalara əməl edilməlidir. Bu tədbirlər özümüzdən çox ətrafımızda olan insanların, sevdiklərimizin, valideynlərimizin sağlamlığı üçün olduqca vacibdir. Unutmamalıyıq ki, yoluxmalar azalsa da, ölüm sayı hələ yüksəkdir və bu, arxayınlaşmağa əsas verməməlidir.

Qızıl qaydalar hələ də qüvvədədir

Tezliklə koronavirus bəlasından xilas olmaq istəyiriksə, qeyd etdiyimiz qaydalara əməl etməklə yanaşı, vaksinasiya prosesində də aktiv iştirak etməliyik. Pandemiyadan yeganə qurtuluş yolunun peyvənd olduğunu nəzərə alsaq, COVID paspotunun tətbiqi mühüm əhəmiyyət kəsb edir. Haqqında uzun müddət danışılan və bir sıra Avropa ölkələrinin səyahətlər üçün tətbiqinə başlamağı düşündüyü COVID pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Bu isə xəbər verir ki, hər iki dozanı qəbul edərək vaksinasiyadan keçən şəxslər doğru seçimin üstünlüklərindən yararlana biləcəklər.

COVID pasportu hər iki doz qəbul edən vətəndaşlar və ya xəstələnərək immunitet qazanan şəxslər əldə edəcək. Bu sənədi alan insanlar sərbəst şəkildə hərəkət edə, idman-sağlamlıq mərkəzlərinə, teatrlara, konsert binalarına, hətta gələcəkdə toylara belə maneəsiz gedə biləcəklər. Əgər biz bu üstünlükləri qazanmaq barədə düşünürüksə, mütləq vaksin olunmalıyıq. Vaksin olunmaqla virusdan ölüm təhlükəsi bizdən yan keçəcək, xəstəliyə yoluxsaq belə, yüngül keçirəcəyik və ağırlaşma baş verməyəcək. Biz normal həyata qayıtmaq üçün vaksin olunmaq və qaydalara əməl etməklə dünyanı cənginə alan virusla mübarizəyə öz töhfəmizi vermiş olacağıq. Bu, hər kəsin vətəndaşlıq borcudur.

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin   Yumşalma