Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - XİN

 Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir -   XİN
  25 May 2021    Oxunub:1043
25 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib.
Bu barədə Azvision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir:

"Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq".

Azvision.az


Teqlər: XİN   Ermənistan   Sərhəd  





Xəbər lenti