Ərdoğanın təltif etdiyi şəhidimiz: Yaşasaydı, 26 yaşı olacaqdı - FOTOLAR

  Ərdoğanın təltif etdiyi şəhidimiz:  Yaşasaydı, 26 yaşı olacaqdı -  FOTOLAR
  26 May 2021    Oxunub:1089
Bu gün Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zərvəsinə ucalan gizir Rəşad Mirzəlinin doğum günüdür. O, yaşasaydı 26 yaşını qeyd edəcəkdi.
Şəhidin anası Afidə Mirzəli Azvision.az-a açıqlamasında oğlunun adına bulaq tikildiyini və bu gün onun açılışının olacağını bildirib.

Oğlunun doğum günü ilə bağlı xatirələrini bölüşən şəhid anası deyib:

“Rəşad və qardaşının doğum günü bir həftə vaxt fərqi ilə olurdu. İkisinin ad gününü birləşdirib eyni gündə keçirirdik. 2013-cü ildə hərbi xidmətə getməmişdən öncə qeyd etdik. 2015-ci ildə hərbi xidmətini başa vurub gəldi. Həmin ildən 2020-ci ilə kimi ad günlərini qeyd etmədik. Çünki işlə əlaqədar yanımızda ola bilmirdi. Görüntülü danışırdıq. Həmişə yeməklər bişirib göndərirdim, o da dostları ilə iş yerində süfrə açırdı. Sonuncu dəfə ötən il doğum gününü bir yerdə keçirdik. İcazə alıb gəlmişdi. Şəkillər də çəkdirdik. Birgə qeyd etdiyimiz sonuncu doğum günü oldu. Xoşladığı ətiri hədiyyə etdim, geyimlər aldıq. Ad gününü qeyd etməyi özü də xoşlayırdı.

Ürəyim yanır. Arzuları, arzularımız yarımçıq qaldı. Onun bəy otağını hazırlamışam. İndi onun dostları zəng edir, xəbər tuturlar. Adına bulaq tikilib. Sinif yoldaşları, dostları, oxuduğu məktəbin şagirdləri gələcəklər və bulağın açılışı olacaq”.



Qeyd edək ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. 5 yaşında olarkən valideynlərinə israrla məktəbə getmək istədiyini deyib və elə həmin yaşda ibtidai təhsilə başlayıb. Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.



O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Doğum-günü  





Xəbər lenti