Şuşa ilə bağlı qanun layihəsi müzakirə olundu

 Şuşa ilə bağlı qanun layihəsi müzakirə olundu
  26 May 2021    Oxunub:1647
Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclası açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, bu tarixi qanun layihəsi birinci oxunuşda geniş müzakirə olunub. Diqqətə çatdırıb ki, deputatların birinci oxunuşda səsləndirdiyi təkliflər bu qanun qəbul edildikdən sonra onun tətbiqi ilə əlaqədar qəbul ediləcək sənədlərdə öz əksini tapacaq.



İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hüquqi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu qanunun ideya müəllifi cənab Prezident özüdür. Qanun layihəsi, əslində dövlət qoruğu haqqındadır və hüquqi qanunvericilik texnikasına uyğundur. Bu qanun layihəsi, əslində Şuşa şəhərinin qorunması məqsədilə cənab Prezidentin gələcəyə baxışıdır. Yəqin ki, qanun layihəsində göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin qəbuluna ehtiyac olacaq.



Onlayn iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsinin iqtisadi aspektləri, işləmə mexanizmləri barədə fikirlərini bildirib, qeyd və təkliflərini diqqətə çatdırıb.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunun tətbiqi zamanı qarşıya çıxacaq məsələlər, sakinlərin geri qayıtması, orada bələdiyyələrin fəaliyyəti barədə fikirlərini bildirib.



Müzakirələrin yekununda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub. Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əli Məsimli, Fazil Mustafa, Əziz Ələkbərli, Elşən Musayev, Ülviyyə Ağayeva və Ülviyyə Həmzəyeva iştirak ediblər.



Azvision.az


Teqlər: Milli-Məclis   Komitə   Şuşa  





Xəbər lenti