Hakimlər bunu nəzərə almalıdır - Konstitusiya Məhkəməsindən QƏRAR

  26 May 2021    Oxunub :466
   Hakimlər bunu nəzərə almalıdır    - Konstitusiya Məhkəməsindən    QƏRAR
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və hüquq üzrə fəlsəfə doktoru, dosent B.Əsədovun mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosentləri, hüquq üzrə fəlsəfə doktorları S.Süleymanlının və A.Qədirovun rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, tərəflər məhkəməyə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa, əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə, bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq olunur.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az

Teqlər: KonstitusiyaMəhkəməsi