“Kimdə antitel testi normaldırsa, ona COVID pasportu verilsin” - Həkim

 “Kimdə antitel testi normaldırsa, ona COVID pasportu verilsin” -  Həkim
  27 May 2021    Oxunub:1445
Ölkədə karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi epidemioloji vəziyyətə bağlıdır. Azərbaycanda əhalinin xeyli hissəsi vaksinasiya olunub. Həmçinin çox sayda insan bu və ya digər formada xəstəliyi keçirib.
Bunu Azvision.az -a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, artıq xeyli sayda insanda COVID-ə qarşı immunitet formalaşıb.

“Bu istiqamətdə aparılan tədbirlər öz effektivliyini göstərir. COVID pasportuna gəlincə, bunun hansı qaydalar əsasında verilməsi araşdırılmalıdır. Pasport əgər vaksinasiya olunan şəxslərə verilirsə, demək, burada immunilizasiya əsas götürülür. Lakin nəzərə almaq lazımdır ki, bütün vaksin olunanlarda immunitet formalaşmır. Vaksinasiya 80 faiz effektivlik civarındadır. Belə halda COVID pasportu vermək tam təhlükəsizlik deyil”.

A.Qeybulla antitellərin yoxlanılması əsasında COVID pasportunun verilməsinin tərəfdarı olduğunu bildirib:“Təklif edirəm ki, antitel, bədəndə cismlərin təyini testləri ucuz qiymətə təklif edilsin, hər kəs üçün əlçatan olsun. Xəstəlik keçirən, vaksinasiya olunan insanlar rahat şəkildə gedib bədəndəki antitelləri yoxlatdıra bilsin. Kimdə antitel testi normaldırsa, onlara COVID pasportu verilsə, daha ədalətli olar. Məncə, ictimai təhlükəsizlik üçün pasportla diskriminasiya olunmaq düzgün deyil”.

Professor qeyd edib ki, yumşalmaların davamlı olması üçün vaksinasiya əhəmiyyətlidir.
“Vaksinasiyanın əhəmiyyəti böyükdür. Əvvəla vaksinasiya elmin bəşəriyyətə bəxş etdiyi ən böyük hədiyyədir. Bu gün vaksinasiya sahəsində infeksion xəstəliklər yox olur. Bütün vətəndaşlara müraciətim odur ki, COVID-dən boğula-boğula ölməkdənsə, vaksin olunub qorunmaq daha məqsədəuyğundur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   COVIDpasportu  





Xəbər lenti