Politoloq: “Paşinyanın “ipi” bizim əlimizdədir”

 Politoloq:  “Paşinyanın “ipi” bizim əlimizdədir”
  27 May 2021    Oxunub:872
“Ermənistan müxalifəti erməni hərbçilərin Azərbaycan ordusu tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq”.
Bunu Azvision.az –a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bəzi Qərb dövlətlərindən baş nazir vəzifələrini icra edən Nikol Paşinyana dəstək gələcək:

“Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən ələ keçirdi. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək? Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək. Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək, onları proseslərə seyrçi qalmaqda ittiham edib. Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək. Rəsmi İrəvan isə həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni hərbçilərin Azərbaycan hərbçiləri tərəfindən saxlanılmasını seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 təxribatçını seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə, bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlimizdədir”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Mövzu ilə bağlı oxşar xəbərlər:

Kəlbəcərdə təxribata əl atan 6 erməni hərbçisi saxlanıldı

Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı yeni məlumat yaydı

XİN erməni təxribatının detallarını açıqladı

“İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” - Şair Ramaldanov

Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Politoloq   Hərbçi  





Xəbər lenti