“Ermənilər Kəlbəcərdəki evimizi yerlə-yeksan edib” - Əməkdar artist

  27 May 2021    Oxunub :476
“Ermənilər Kəlbəcərdəki evimizi yerlə-yeksan edib” -  Əməkdar artist
“Valideynlərim Kəlbəcərdəki dağılmış evimizin fotosuna baxıb ağladılar”.
Bunu Azvision.az -a Əməkdar artist Babək Niftəliyev dogma yurdu Kəlbəcər barədə danışarkən deyib. Tanınmış muğam ifaçısı 8 yaşında tərk etdiyi Kəlbəcərə illər sonra geri dönməyin həyəcanını yaşadığını söyləyib.

“44 günlük müharibə zamanı dostlarımızla birgə cəbhədə döyüşən əsgərlərimizə yardım aparmaqla məşğul olduq. Onlara yardımları şəxsən öz əllərimlə çatdırdım. Ordumuzun və Ali Baş Komandanın iradəsinin sayəsində bu gün Kəlbəcər azaddır.

İcazəm olmadığı üçün hələ gedib yurdumu görə bilməmişəm. Nə zaman icazə verilsə, onda gedərik. Evimizin videosunu, şəklini çəkib mənə göndəriblər. Ermənilər evimizi dağıdıb, yerlə-yeksan ediblər. İllərin əziyyyətini heç ediblər. Atam və anam şəkillərə baxıb ağladılar. Ev bərbad gündədir. Orada bir tikili, ev yoxdur ki, deyəsən ki, nəsə qalıb.

Dostlarımız İstisudan bizə su gətirdilər. Sonuncu dəfə 7 yaşımda o sudan içmişəm. İndi içəndə də həmin dadı verir. Rəhmətlik müğənnimiz Şövkət Ələkbərova və Rübabə Muradova “İstisu” adlı mahnı oxumuşdular. Həmin mahnını yeni nəfəsdə və aranjimanda ifa etmişəm.

Kəlbəcər bizim üçün vazgeçilməz, dəyərli torpaqdır. İgid oğlanlarımız orada Vətənin keşiyində layiqincə dayanıblar. Erməni diversantları dünən gecə nə qədər cəhd etsələr də, oradakı hərbçilərimiz tərəfindən zərərsizləşdiriliblər. Rəşadətli ordumuz Vətənin keşiyindədir”, - Əməkdar artisti vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əməkdar-artist   Kəlbəcər   Xanəndə