Şərqin ilk demokratiya günəşi

  27 May 2021    Oxunub :458
Şərqin ilk demokratiya günəşi
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı, parlamentarizm ənənələri formalaşdırıldı, idarəetmənin hüquqi əsasları yaradıldı. Prezident İlham Əliyevin Sərəncamında diqqətə çatdırılıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini bərabərsizliyi ortadan qaldırdı: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Cümhuriyyətin yaranmasından artıq 103 il zaman keçməsinə baxmayaraq, hər bir azərbaycanlı bu tarixlə qüruru duyur. 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu. Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin uzun müddət yaddaşlardan silinməsinin qarşısını aldı. Dövlət simvollarının hazırlanması işini təşkil etdi.Milli hökumət ordu quruculuğuna başladı. Silahlı qüvvələrini yaratdı. Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu. Azərbaycanın müstəqil neft iqtisadiyyatının təməli qoyuldu.Dağılmış iqtisadiyyat bərpa edilməyə başladı, milli pul vahidi, poçt markaları dövriyyəyə buraxıldı.Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Beləliklə, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından artıq 103 il zaman ötür. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, ölkəmizin tarixində yeni bir səhifənin açılmasına səbəb oldu.

Namiq Muradov
Qərbi Azərbaycan İcmasının Gənclər təşkilatının sədri

Teqlər: