“Bu gün həm də qürur bayramımızdır” - Hikmət Babaoğlu

 “Bu gün həm də qürur bayramımızdır” -  Hikmət Babaoğlu
  28 May 2021    Oxunub:832
“Builki 28 May - Respublika Günü bayramımız həm də cümhuriyyəti bizə bəxş edənlərin ruhu qarşısında qürur bayramımızdır”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması beş min illik dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir:

“Xalq Cümhuriyyətimizin qurucuları M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli və digər cümhuriyyət qurucularımız olduqca mürəkkəb tarixi şəraitdə böyük qətiyyət, əzmkarlıq və uzaqgörənlik nümayiş etdirməyi bacararaq xalqımızın dövlət qurmaq istedadını bir daha bütün dünyaya nümayiş etdirdilər. Milli şüurumuzu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirərək müsəlman şərqində ilk demokratik dövləti yaratmağa müvəffəq oldular. AXC-nin yaradılması dövlətçilik tariximizdə çoxmərhələli bir dövrün başa çatması, bəşər sivilizasiyasının inkişafının yeni mərhələsində yeni tip dövlət quruculuğu prosesində milli müstəvidə yeni dövlətçilik ənənəmizin başladılması idi”.

Hikmət Babaoğlu deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Azərbaycanının, daha sonra müstəqil demokratik Azərbaycanın sələfi oldu:

“Əslində isə, bəlkə bir qədər təzadlı səslənsə də, dövlətçilik tariximizin son yüz illik dövründə qurduğumuz bu üç dövlət biri digərinin davamı olmaqla həm də biri digərinin mövcudluğunu şərtləndirdi. Ancaq əsas təməl şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti idi. Ona görə də, böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi, onun yaranması tarixini rəsmi bayram, 28 May - Respublika Günü elan etdi. Biz bu il ilk dəfədir ki, Respublika Günü bayramımızı ərazi bütövlüyümüzü bərpa edərək qeyd edirik. Bu ilki bayram həm də cümhuriyyəti bizə bəxş edənlərin ruhu qarşısında qürur bayramımızdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Cümhuriyyəti quranlar bugünki Azərbaycanı görsəydilər, onunla fəxr edərdilər. Prezident İlham Əliyev onu da qeyd edib ki, “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”. Yaşasın qüdrətli, qalib Azərbaycan!”

Tural Tağıyev
Azvision.az


Teqlər: AXC   Prezident   Hikmət-Babaoğlu   Respublika-Günü  





Xəbər lenti