General Ermənistanın cinayətlərini araşdıran komissiyanın əsas məqsədlərini açıqladı

General Ermənistanın cinayətlərini araşdıran komissiyanın  əsas məqsədlərini açıqladı
  28 May 2021    Oxunub:5030
Türkiyədə yaradılan Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasına 35 ölkədən 140-a yaxın hüquqşünas, sabiq səfirlər, hərbçi, elm adamları daxildir. Komissiya 1988-ci ildən bu günə kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə, nifrət cinayətlərini, insanlara, ətraf mühitə, tarixi, mədəni, dini abidələrə vurduğu maddi və mənəvi ziyanı araşdıracaq.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında türkiyəli general, komissiyanın üzvü Yücel Karauz deyib.

Onun sözlərinə görə, qurum Ermənistanın cinayətlərini beynəlxalq hüquq normaları və standartları çərçivəsində tərəfsiz olaraq araşdıracaq və bundan sonra Beynəlxalq cinayət məhkəməsinə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Araşdırmanın nəticəsi olaraq hazırlanan hesabat Avropa İttifaqına, BMT-yə, ATƏT-ə, komissiyanın üzvlərinin təmsil olunduğu 35 ölkənin müvafiq qurumlarına, İslam Əməkdaşlıq Təşkilatına təqdim ediləcək. Komissiya idarəetmə, araşdırma, hüquq, bölgə, arxiv və müşahidə bölmələrindən ibarətdir.

General əlavə edib ki, birinci və ikinci Qarabağ müharibələri zamanı Ermənistan tərəfinin müharibə cinayətləri, həm cəbhədə, həm də cəbhədən uzaqda yerləşən mülki yaşayış yerlərinə qarşı törətdiyi qanlı əməllər diqqətlə araşdırılacaq. Hesabatlar bir neçə dildə hazırlanacaq.

Komissiya üzvləri Azərbaycana səfər edərək 1988-ci ildən bəri Ermənistandan və Azərbaycanın işğalda olmuş bölgələrindən qaçqın düşmüş insanlarla görüşəcəklər. Bundan başqa, Xocalı soyqırımına da xüsusi diqqət ayrılacaq. Soyqırımı şahidləri ilə görüşlər keçiriləcək. Komissiya üzvləri Bərdə, Gəncə, Tərtərə səfər edib, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları zamanı qətlə yetirilmiş 100-ə yaxın mülki insanın ailəsi ilə görüşüb, faktlar toplayacaqlar. Eyni zamanda, işğaldan azad edilmiş 7 rayon və Şuşaya səfər də nəzərdə tutulub. Burada onlar bölgələrə, təbiətə, abidələrə dəymiş ziyanı araşdıracaqlar. Azərbaycanın təbii sərvətlərinin illərlə necə talan edildiyi barədə də məlumatlar toplanacaq.

Y.Karauz deyib ki, məqsəd beynəlxalq arenada Ermənistanın Azərbaycana təzminat ödəməsinə, bu cinayətləri törədənlərin mühakimə edilməsinə nail olmaqdır: "Əminəm ki, biz illərlə Azərbaycana qarşı cinayətlər törədənlərin mühakimə edilməsini görəcəyik".

General onu da bildirib ki, komissiyanın iki mərkəzi olacaq. Biri Ankarada, digəri Bakıda yerləşəcək. Təxminən 6 ay ərzində araşdırmaların həyata keçirilməsi nəzərdə tutulub. O, həmçinin iyunun 10-da Bakıya gəlməyi planlaşdırdığını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YücelKarauz   Qarabağ   Müharibə   Cinayət  





Xəbər lenti